.
Azərbaycan, Bakı / Trend ,müxbir Ü.İsmayılova/ Çərşənbə günü "Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai birliyinin icraçı direktoru Nüsrət İbrahimovun bildirdiyinə görə, Bakıda tikilən 16 mərtəbəli binanın uçması daşınmaz əmlakın təkrar bazarında qiymətlərin artımına gətirib çıxaracaq.
Çərşənbə axşamı saat 17.00 radələrində "Mütəfəkkir" şirkətinin inşa etdirdiyi bina uçub. Şirkətin rəhbəri Əsgər Əliyev Azərbaycanın Cinayət Məcəlləsinin 222-ci maddəsi (tikinti, mədən işlərinin və digər işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) ilə həbs olunub.
Hadisə yerindən əldə olunan son məlumatlara görə, binanın uçması nəticəsində yeddi nəfər ölüb.
İbrahimovun sözlərinə görə, yeni tikilən binanın uçması təkrar və torpaq bazarında tələbatın artmasına və həmçinin daşınmaz əmlakın ilkin bazarında tələbatın azalmasına təsir göstərək.
"İstisna edilmir ki, binanın uçmasından sonra yeni tikilən binaların sayı azalacaq" - deyə İbrahimov bildirib.
"Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai birliyi tərəfindən aparılan monitorinqə əsasən iyul ayında Bakıda 583 bina inşa edilib və istismara verilib. Bina inşa edən şirkətlərin sayı 223, yeni tikililərin mərtəbələrinin orta sayı 15,4 olub.