Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva / Respublika Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyevin verdiyi məlumata görə, Azərbaycanın quşçuluq müəssisələri, 80-90%-nin xaricdən idxal edildiyi yemin qiymətinin artması ilə əlaqədar olaraq, öz məhsullarının qiymətini artırmaqda maraqlı deyillər və bu addımı məqsədəuyğun hesab etmirlər.
Onun sözlərinə görə, hazırda ölkənin iri quşçuluq müəssisələri zərərlə işləyir və istehsalın tam olaraq dayanmasının qarşısını almaq məqsdilə, istehsalın həcmini tədricən azaldırlar. Vəliyevin bildirdiyinə görə, bu səbəbdən , Abşeronda və Azərbaycanın digər rayonlarında bir sıra kiçik quşçuluq təsərrüfatları bağlanıb.
Yaranmış vəziyyətdən çıxış yolunu quşçular, xüsusilə Rusiya, Türkiyə və İrandan alınan yemə olan ƏDV-in ləğv edilməsində görürlər. Son vaxtlar yemin qiyməti 50-70% bahalaşıb.
"Hazırda hökumət bizim müraciətimiz əsasında ƏDV-in ləğv edilməsi məsələsini nəzərdən keçirir. Tezliklə və müsbət qərarın qəbul olunacağına ümid edirik" - deyə Vəliyev bildrib.
Respublika Quşçular Cəmiyyətinin tərkibinə 29 müəssisə daxildir (Mərdəkan Broyler, Siyəzən Broyler, Dəvəçi Broyler, Zirə Broyler, Arco Co, İmishli Broyler, Şəmkir Broyler). Bu müəssisələrdən 28-i quşçuluq müəssisəsi, yalnız biri baytarlıq preparatlarının distribyutorudur. Azərbaycanda quşçuluq sahəsində çalışanların sayı 15-20 min nəfər təşkil edir.