...

Avstriyanın iqtisadiyyat naziri: "Avropa "Nabukko" layihəsinə böyük diqqət ayırır"

Energetika Materials 19 Sentyabr 2007 16:20 (UTC +04:00)
Avstriyanın iqtisadiyyat naziri: "Avropa "Nabukko" layihəsinə böyük diqqət ayırır"

Qazaxstan, Astana / Trend , müxbir K.Konırova/ Avropa regional enerji siyasətinə böyük diqqət ayırır. Bu barədə çərşənbə günü Astanada Qazaxıstanın enerji və mineral ehtiyatlar naziri Sauat Minbayevlə görüş zamanı Avstriyanın iqtisadiyyat və əmək naziri Martin Bartenştayn məlumat verib.

"Biz Bakının təşəbbüsü çərçivəsində həyata keçirilən layihələrə maraq göstəririk, xüsusilə də, Avropa İttifaqının prioritet layihələrindən biri olan "Nabukko" qaz kəməri layihəsinə" - deyə Bartenştayn bildirib.

Görüş zamanı iki dövlət arasında enerji əməkdaşlığına dair danışıq aparılıb. Bartenştayn qeyd edib ki, ötən il Avstriya Qazaxıstandan 1.6 mln. ton neft idxal edib. Bartenştayn neft-qaz sahəsində əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.

"Avstriya OMV şirkətinin simasında Qazaxıstanda yeni neft-qaz yataqlarının axtarışı və emalında, həmçinin "QazMunayQaz"la birgə fəaliyyətdə maraqlıdır" - deyə avstriyalı iqtisadiyyat naziri əlavə edib.

OMV şirkəti 20 faizlik iştirak payı ilə "Nabukko" layihəsinin operatorudur.

Dörd min kilometr uzunluğunda olan "Nabukko" qaz kəməri Orta Asiya və Xəzər qazının Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropaya çatdırılmasını təmin edəcək.

Qaz kəmərinin 2011-ci ildə istismara verilməsi nəzərdə tutulub. Layihə beş mlrd. dollar həcmində qiymətləndirilir.

"Nabukko"nun hazırlanması ilə Avstriyanın OMV, Macarıstanın MOL, Türkiyənin "Botas", Bolqarıstanın "Bulgargaz" və Rumıniyanın "Transgaz" şirkətləri məşğul olur.

Xəbər lenti

Xəbər lenti