...

"Əsrin Müqaviləsi" Azərbaycana nə verib - sorğu

Energetika Materials 20 Sentyabr 2008 08:38 (UTC +04:00)
"Əsrin Müqaviləsi" Azərbaycana nə verib - sorğu

Azərbaycan, Bakı, 20 sentyabr/ Trend Cap , müxbirlər E.İsmayılov, Ü.İsmayılova, S.Babayeva, İ.Əlizadə, İ.Xəlilova/ Sentyabrın 20 - də Azərbaycanda "Neftçilər Günü" və "Azəri - Çıraq - Günəşli" iri dəniz yataqları blokunun işlənilməsinə dair "Əsrin Müqaviləsi" nin imzalanmasının 14 illiyi qeyd olunur. "Neftçilər Günü" 2001 - ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin fərmanı ilə təsis edilib. Bu il, həmçinin, Azərbaycanda sənaye üsulu ilə neft hasilatına başlanılmasının 160 illiyi qeyd edilir.

1994 - cü ildə Azərbaycan əcnəbi şirkətlər və sərmayədarları Xəzərə birinci olaraq (ölkədə neft - qaz layihələrinə təxminən $25 mlrd. sərmayə yatırılıb) dəvət edib və bu ölkənin neft - qaz strategiyasının başlanğıcı olub. Bakı - Tbilisi - Ceyhan (BTC) neft kəmərinin tikintisi bu strategiyanın başlıca amillərindən biri olub.

1994 - cü il sentyabrın 20 - də imzalanmış "Əsrin Müqaviləsi" Xəzərin Azərbaycan şelfinin neft - qaz ehtiyatlarının fəal mənimsənilməsinin əsasını qoyub. Bu gün "Azəri-Çıraq-Günəşli" yataqlarından sutkada təxminən 1 mln. barel neft hasil edilir. Hasil edilən neft BTC boru kəməri ilə ixrac olunur.

BP (operator), Chevron, ARDNŞ, İnpex, Statoil, ExxonMobil, TPAO, Devon Energy, İtochu və Delta Hess şirkətləri "Əsrin Müqaviləsi"nin iştirakçıları qismində çıxış edir.

Azərbaycan Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəhbəri Nizaməddin Quliyev:

1994 - cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması yalnız Azərbaycanın uzaqgörən və səmərəli enerji strategiyasının deyil, həm də ölkənin ümumi iqtisadi çiçəklənməsinin əsasını qoyub. Bu, Azərbaycanın neft, qaz, nəqliyyat və digər layihələri reallaşdıran regional lider kimi irəliləməsinə səbəb olub. Bu gün Azərbaycanda perspektivli neft və qaz strukturları və yataqlarının axtarışı, kəşfiyyatı, işlənilməsi və bərpasına dair müqavilələrin ümumi sayı 25 - dən çoxdur . Bu sazişlərin reallaşdırılması ölkəyə, Azərbaycanda karbohidrogenlərin sənaye üsulu ilə işlənilməsinin başladığı vaxtdan - 160 il əvvəldən indiyədək nail olunmamış neft və qaz hasilatı həcminə çıxmağa imkan verib. 2007- ci ildə Azərbaycanda rekord həcmdə - 42 mln. ton hasilat müşahidə edilib. 2008 - ci ilin yekunları üzrə bu, 52 mln. tona bərabər olacaq.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov:

"Əsrin Müqaviləsi" ölkənin sosial-iqtisadi həyatının qlobal iqtisadiyyatla fundamental əlaqəsinin qurulmasına imkan yaradıb. Bu, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə uzunmüddətli davamlı yüksəkrentabelli əlaqəsidir. O, Şərq və Qərb arasında planetin enerji sisteminə real körpüyə çevrilir və ən əsası, yaradılmış Dövlət Neft Fondu Azərbaycan xalqının rifahını sistemli və layiqli şəkildə artırmağa imkan verir.

Azərbaycanın Maliyyə Nazirliyinin Sığorta Nəzarəti şöbəsinin rəhbəri Namiq Xəlilov:

1994 - cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması, bunun ardınca dünyanın iri neft şirkətləri ilə bir sıra digər müqavilələrin bağlanılması nəticəsində Qərbin neft şirkətləri, o cümlədən onların çoxsaylı podratçı və subpodratçıları Azərbaycanda fəaliyyət göstərməyə başlayıblar. Bu şirkətlərin gəlişi sığorta xidmətlərinə tələbatın kəskin artımına səbəb olub və bu, Azərbaycanın sığorta bazarının inkişafına, sığorta xidmətləri çeşidinin genişlənməsinə, sığortaçıların peşəkar səviyyəsinin artmasına təkan verib. Sığortanın məsuliyyət, əmlak sığortası, tibbi və avtomobil sığortası kimi növlərinə daha çox tələbat yaranıb.

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev:

"Əsrin Müqaviləsi"nin imzalanması yalnız neft sektoru deyil, Azərbaycan iqtisadiyyatının digər sektorlarının da inkişafı üçün lokomotiv rolunu oynayıb. Görülən tədbirlər çərçivəsində qabaqcıl texnologiyaların tətbiqi, nəqliyyat və xidmətlər sektorunun inkişafı, kadr potensialının artırılması və yeni iş yerlərinin yaradılması üçün geniş imkanlar açılıb.

Müqavilə Bakı -Tbilisi - Ceyhan neft kəməri və Bakı -Tbilisi - Ərzurum qaz kəmərinin tikintisi kimi iri layihələrin reallaşdırılmasının əsasını qoyub. Neft - qaz müqavilələri sosial layihələrin realizəsi və ümumilikdə iqtisadiyyatın inkişafı üçün şərait yaradıb.

İmzalanan müqavilələr çərçivəsində karbohidrogenlərin satışından gələn valyuta ehtiyatlarının səmərəli idarə edilməsi üçün Azərbaycanın Dövlət Neft Fondu yaradılıb. Fondun əsas məqsədi isə, ölkənin zəruri tələblərinin ödənilməsi və gəlirlərin gələcək nəsil üçün saxlanılmasıdır. Hesab edirəm ki, ölkənin neft gəlirlərinin artması ilə əhalinin rifahı yaxşılaşır, sosial yönümlü və irimiqyaslı infrastruktur layihələrinin realizəsinə imkanlar açılır. Düşünürəm ki, Azərbaycanın hər bir vətəndaşı artıq neft gəlirlərindən gələn faydanı öz üzərində hiss etməyə başlayıb.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin rəhbəri Rüfət Gülməmmədov:

Zaman göstərib ki, belə qlobal müqavilənin imzalanması təsadüfi yox, Azərbaycan üçün fövqəladə dərəcədə zəruri olub. Bu müqavilə yalnız Azərbaycanın deyil, ümumilikdə bütün regionun inkişafına səbəb olub.

Bütün bunlar əcnəbi sərmayədarları Azərbaycana cəlb edib və onlar ölkənin iqtisadi sabitliyinə əmin olublar. Ölkədə İT sahəsinə sərmayə yatıran iri şirkətlərin sayı artdığından, bu müqavilə informasiya texnologiyaları sahəsinə də müsbət təsir göstərib. Bundan əlavə, ölkənin informasiya texnologiyaları sahəsi neft sektoru ilə rəqabət apararaq, xeyli inkişaf edəcək.

MBASK Sığorta Şirkəti İdarə Heyətinin sədri Cəmil Məlikov:

"Əsrin Müqaviləsi" Azərbaycanın sığorta bazarının xeyli inkişafına gətirib;1995 - ci ildən 2007- ci ilədək olan dövr ərzində Azərbaycanın bütün sığorta şirkətlərinin sığorta haqları 45, ödənişləri 80 dəfə artıb. Bu, "Əsrin Müqaviləsi" imzalandıqdan sonra Azərbaycanın sığorta bazarının dəfələrlə artmasından xəbər verir. Bazarın inkişafının bu əhəmiyyətli artımı əcnəbi sərmayədarları cəlb edib. Qeyd etmək vacibdir ki, müqavilə imzalandıqdan sonra sığorta şirkətləri banklara sərmayə ehtiyatları qismində təxminən 100 min manat vəsait yatırıblar.

İctimai Maliyyələrin Monitorinqi Mərkəzinin direktoru İnqilab Əhmədov:

"Əsrin Müqaviləsi"nin imzalanması Azərbaycanın böyük nailiyyətidir. Bu sazişin imzalandığı vaxtdan 14 il ötüb və biz ən yeni neft tariximizdə bütün parametrlər üzrə davamlı inkişafı müşahidə edirik. Əvvəla, biz hər il əminliklə hasilat həcmini artırırıq. İkincisi, neftin satışından əldə olunan gəlirlən həcmini əminliklə çoxaldırıq. Üçüncüsü, bizim neftin dünya bazarlarına çıxarılması üçün etibarlı sistemimiz, şaxələnmiş infrastruktur şəbəkəmiz var. Və nəhayət, layihələrimiz və ilk növbədə, "Əsrin Müqaviləsi"nin mənfəətliliyi üzrə çox yaxşı mənzərə əldə olunub.

Azərbaycanın Nazirlər Kabineti İqtisadiyyat və Maliyyə - Kredit Siyasəti Şöbəsinin keçmiş rəhbəi Oqtay Haqverdiyev:

Biz bu gün də "Əsrin Müqaviləsi"nin imzalanmasının təsirini müşahidə edirik. Azərbaycan çox sayda sosial problemlərini həll edib. Ölkə dünya neft bazarında öz yerini tutub. "Əsrin Müqaviləsi"nin imzalanması həm iqtisadi, həm də siyasi baxımdan düzgün addım olub.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu:

"Əsrin Müqaviləsi" siyasi və strateji baxımından Azərbaycan üçün böyük imkanlar yaradıb, dividendlər verib, iqtisadiyyatın strukturunu formalaşdırıb. Ümumilikdə baxsaq, müqavilə Azərbaycanın Dövlət Neft Şirkətinin inkişafında, ölkənin maliyyə imkanlarının genişlənməsində, valyuta ehtiyatlarının, dövlət büdcəsinin imkanlarının artmasında vacib rol oynayıb.

Trend - ın Analitik Mərkəzinin direktoru Ellada Xankişiyeva:

Hər il "Əsrin Müqaviləsi"nin son dərəcə səmərəli olduğuna əmin olursan və bu gün biz artıq "Azəri - Çıraq - Günəşli" yataqlarından neftin proqnozlaşdırılan hasilat həcminə - gündə 1 mln. barel hasilata çıxırıq. "Əsrin Müqaviləsi" - bəhrələrindən azərbaycanlıların bir neçə nəslinin faydalanacağı uğurdur. Bu layihənin tarixi əhəmiyyəti ölkənin artıq almağa başladığı milyonlarla barel neft və dollardan deyil, Azərbaycanın bu müqavilə sayəsində dünya arenasında tamhüquqlu üzv olmasından ibarətdir.

Müstəqil politoloq Vəfa Quluzadə:

"Əsrin Müqaviləsi"nin imzalanması Azərbaycanın suverenliyini möhkəmləndirdi və təhlükəsizliyini təmin etdi. Ölkə neft ehtiyatlarından ABŞ, Böyük Britaniya və Qərbin digər ölkələri ilə istifadə etməyə başlamasaydı, "Əsrin Müqaviləsi" imzalanmasaydı, indi Azərbaycan işğala məruz qalmış qeyri - müstəqil dövlət olardı. "Əsrin Müqaviləsi" beynəlxalq səviyyədə Azərbaycana qarşı təbliğatı və müharibəni dayandırdı. Neft müqavilələri Azərbaycanı Qərbin və ABŞ - ın maraq dairələrinə daxil etdi. Bu müqavilələr Dağlıq Qarabağı erməni işğalından azad etməyə imkan verəcək.

Azercell Telecom MMC-nin mətbuat katibi Rüfət Abbasov:

Azərbaycan dünya maliyyə inkişafı fonunda, ilk növbədə, öz iqtisadi artımı və ölkənin neft sektorunun inkişafına borcludur. Bu baxımdan, "Əsrin Müqaviləsi" ölkənin iqtisadi inkişafının əsası olan tarixi sənəddir. Neft sektorunun inkişafı iqtisadiyyatın qeyri - neft istiqamətlərinin, o cümlədən informasiya texnologiyalarının irəliləməsinə təkan verir. Bu inkişaf gələcəkdə də müşahidə olunacaq.

Azərbaycanın İnternet Forumunun prezidenti Osman Gündüz:

Mən bu hadisəni Azərbaycanın tarixində ən vacib hadisə kimi qiymətləndirirəm. Bir müddət əvvəl Cənubi Qafqazda baş verən hadisələr bu hadisənin yalnız iqtisadi deyil, siyasi vacibliyini də göstərdi. Gələcəkdə layihənin ümumilikdə bütün ölkə üçün böyük əhəmiyyəti olacaq. Bu müqavilə informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm kimi qeyri - neft sahələrinin inkişafına təsir edəcək və təkan verəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: Cap

Xəbər lenti

Xəbər lenti