Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir S.Əliyev / Hazırda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokunda orta sutkalıq neft hasilatı təqribən 750 min barel təşkil edir. Bu göstərici ötən ilin sentyabrında "Mərkəzi Azəri" platformasında işlər dayandırılanadək 900 min bareldən çox olmuşdu. Bu barədə bazar ertəsi Azərbaycanın neft sənayesindəki mənbə bildirib.
AÇG-də hasilat "Mərkəzi Azəri" yatağında daha üç quyunun (ümumilikdə səkkiz quyu) istifadəyə verilməsi sayəsində bir neçə dəfə artıb. Hazırda yatağın bu hissəsində sutkalıq hasilat təqribən 160 min barel təşkil edir.
2008-ci ildə Azərbaycanın Xəzər dənizində yerləşən "Azəri-Çıraq-Günəşli" yataqları blokundan təqribən 34 mln. ton yüngül neft hasil edilib. Ötən il AÇG-də illik orta sutkalıq hasilat 688,5 min barel təşkil edib.
"Azəri-Çıraq-Günəşli" yatağında Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri ilə ixrac olunan Azeri Light növlü neft hasil edilir.
Ötən ilin payızından başlayaraq bu blokda hasilat azaldılıb. "Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsi üzrə operator BP sentyabrın 17-də "Mərkəzi Azəri" yatağında neft hasilatını dayandırıb və yataqda quraşdırılan platforma personalını dənizdə qazın aşkar olunması səbəbindən evakuasiya edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]