Azərbaycan, Bakı, 08 sentyabr / Trend /
Gürcüstanda baş verən zəlzələ Azərbaycanın ixrac neft və qaz kəmərlərinin, eləcə də Gürcüstanın Qara dəniz sahillərindəki terminallarının işinə heç bir təsir göstərməyib. Bu barədə çərşənbə axşamı "BP Azerbaijan" şirkətindən ("Bakı-Tbilisi-Ceyhan", "Bakı-Supsa" və "Şahdəniz" layihələrinin operatoru) bildirilib.
Şirkətdən deyildiyi kimi, hazırda Gürcüstanda şirkətin bütün obyektlərinin işi ştat rejimində həyata keçirilir.
"Azəri-Çıraq-Günəşli" yatağının blokunun işlənməsi layihəsi çərçivəsində neft hasilatının həcmi hazırda sutkada təxminən 900 min barel təşkil edir", - BP-dən deyilib. Yataqlardan çıxarılan neftin ümumi həcmindən təxminən 800 min barel BTC neft kəməri ilə və 90 min bareldən çoxu "Bakı-Supsa" neft kəməri ilə daşınır. BTC ilə həmçinin Qazaxıstanın "Tengiz" (oparatoru Chevron) yatağından neft və "Şahdəniz" yatağından kondensat nəql edilir. Cənubi Qafqaz qaz kəməri ilə "Şahdəniz" yatağından sutkada 14-15 milyon kubmetr qaz nəql olunur.
Sentyabrın 8-də gecə Gürcüstanda 6-6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ saat 02:41-də olub və Gürcüstanın rayon və şəhərlərinin böyük əksəriyyətində hiss edilib. Zəlzələnin episentri Rusiya ilə sərhəddə Oni şəhərində yerləşib. Heç kəs zərər çəkməyib, lakin bir çox ev və tikili zərər görüb. Rayon ərazisində elektrik enerjisinin verilməsi qismən bərpa edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]