...

Azərbaycan, Rumıniya və Gürcüstan maye qaz üçün terminalın inşasına dair memorandum imzalayacaqlar

Energetika Materials 10 Aprel 2010 14:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda maye qaz üçün terminalın inşasına dair müqavilə aprelin 13-də Buxarestdə imzalanacaq. Müqaviləni Azərbaycan, Rumıniya və Gürcüstanın energetika nazirləri imzalayacaqlar. Bu barədə Gürcüstan Energetika Nazirliyindən Trend-ə bildirilib.

"Qaz tədarükü sahəsində qarşılıqlı əməkdaşlıq haqqında" memorandum, biri Gürcüstanda, digəri Rumıniyada olmaqla, iki maye qaz terminalının inşasını nəzərdə tutur. İlkin məlumatlara əsasən, layihənin dəyəri 4-6 milyard avro təşkil edir.

"Gürcüstan iqtisadiyyatı üçün hər bir tranzit layihəsi çox vacibdir və yeni layihənin həyata keçiriləcəyi təqdirdə Gürcüstan büdcəsi əlavə gəlir əldə edəcək", - Gürcüstanın energetika naziri Aleksandr Xetaquri Trend-ə qarşıdakı memorandumun imzalanmasını şərh edərkən deyib.

Nazir bildirib ki, bu zaman Gürcüstan əlavə həcmdə qaz da əldə edəcək. "Bu layihə ölkəmizin regionda tranzit əhəmiyyətini bir daha təsdiq etdi, biz Rusiyadan yan keçməklə enerjidaşıyıcılarının tədarükü zamanı Avropa İttifaqı üçün əsas alternativlərdən birini təqdim edirik", - o deyib.

Sözügedən layihənin həyata keçirilməsinə dair memorandum Gürcüstan və Rumıniya arasında 2009-cu ilin oktyabrında, Azərbaycan və Rumıniya arasında isə bu ilin əvvəlində imzalanıb. Layihə ümumi memorandumun imzalanması üçün işçi qrupunun yaradılmasını nəzərdə tutub.

Bu gün Gürcüstanın Qara dəniz sahilində (ARDNŞ Kulevidə neft terminalına sahibdir) Azərbaycan qazının emalı üzrə terminalın inşası və qazın Avropanın daxili qaz-nəqliyyat şəbəkəsi üzrə gələcək göndərişi üçün Rumıniyaya və ya Bolqarıstana nəqli məsələsi nəzərdən keçirilir. Layihəyə iki istiqamətdə baxılır - LNG və CNG. Birincisi, qazın mayeləşdirilməsi üzrə zavodun inşası, ikincisi, qazın mayeləşdirilməsi üçün bilavasitə gəmiyə çatdırılmasıdır. Bu layihə çərçivəsində söhbət 7-20 milyard kubmetr qazdan gedir.

Bundan əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilindən ixracı layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması niyyəti var. "TİƏ-nin hazırlanması bizə daha sərfəli variantı (qazın Qara dəniz vasitəsilə ixracı) müəyyən etməyə imkan verəcək. Bizim bir neçə variantımız var, onların sırasında LNG və CNG ixracı var. Həmçinin, Türkiyə ərazisi ilə tranzit imkanları var. Bu variantların müxtəlifliyi bizə daha düzgün yolu seçməyə imkan verəcək", - o deyib.

Abdullayevin sözlərinə görə, Rumıniya və Bolqarıstan Qara dəniz vasitəsilə qazın ixracına dair layihənin reallaşmasında maraqlıdır. Hazırda hər iki tərəflə iş aparılır.

Xəbər lenti

Xəbər lenti