Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.İsmayılov/
Azərbaycan və İran qaz tədarükünə dair uzunmüddətli müqavilə üzrə danışıqları davam etdirir. Növbəti həftə ARDNŞ nümayəndəsi bu məsələ ilə bağlı danışıqlar aparmaq üçün İrana yollanacaq. Bu barədə şənbə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Hazırda ARDNŞ uzunmüddətli müqavilə çərçivəsində Azərbaycan qazının tədarükünün artırılması üçün İran ilə sərhəddə yeni qaz-kompresor stansiyasının inşasını həyata keçirir. Müqavilənin imzalanması bu ilin payızına planlaşdırılır.
Stansiyanın inşası başa çatdıqdan sonra Azərbaycanın yanacağının İrana ixracının həcmini artırmaq üçün tədarük edilən qazın təzyiqi 75 atmosferə kimi artırılacaq. Bu məqsədlə həmçinin Azərbaycan və İran arasında qaz kəmərinin müxtəlif hissələrində təmir və yenidənqurma işləri həyata keçiriləcək.
Hazırda "svop" əməliyyatları çərçivəsində Naxçıvan Muxtar Respublikasını qazla təmin etmək üçün Azərbaycan İrana sutkada 1,4 milyon kubmetr qaz tədarük edir.
İran nümayəndəsinin əvvəlcə bildirdiyinə görə, Tehran Azərbaycandan 5 milyard kubmetrə qədər qaz almağa hazırdır.
Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr - 296,5 kilometri Azərbaycan ərazisində yerləşən "Qazı Məhəmməd-Bind-Biand" qaz kəməri əlaqələndirir. Bu marşrut 1971-ci ildə istismara verilən "Qazax-Astara-İran" boru kəmərinin qoludur. Boru kəmərinin diametri 1200 millimetridir.