...

ARDNŞ yanvar-iyul aylarında neft hasilatını artırıb

Energetika Materials 18 Avqust 2010 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Yanvar-iyul aylarında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft-qaz çıxarma idarələri ölkənin offşor və onşor yataqlarında 31,3 milyon barel neft (4,3 milyon tona yaxın) hasil ediblər. 2009-cu ilin yanvar-aprel aylarında bu göstərici 31,2 milyon barelə yaxın (4,2 milyon tondan çox) olub. Bu barədə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-nin xarici şirkətlərlə birgə layihələrinin payına 7,6 milyon barelə yaxın neft düşür. Bunun 1,3 milyon bareli əməliyyat şirkətlərinin, 5,6 milyon barelə yaxını "Azəri-Çıraq-Günəşli" layihəsinin, 676,2 min bareli "Şahdəniz" yatağından qaz-kondensatın payına düşür.

Yanvar-iyul aylarında ARDNŞ 4,52 milyard kubmetrə yaxın qaz alıb. Ötən ilin analoji dövrü üçün bu göstərici 4,5 milyard kubmetrdən çox olub. Həmin dövrdə ARDNŞ-nin neft-qaz çıxarma idarələri 4,2 milyard kubmetr qaz hasil ediblər. Quruda qaz hasil edən birgə müəssisələr və əməliyyat şirkətləri yanvar-iyul aylarında ARDNŞ-yə 41,4 milyon kubmetr qaz veriblər.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında ARDNŞ üçün 2 milyard kubmetrə yaxın səmt qazı hasil edilib. Ötən ilin analoji dövründə bu göstərici 2,4 milyard kubmetr təşkil edib.

Azərbaycanda 59 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, qalanları quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti