...

Dövlət Komissiyası Azərbaycanda iri qaz obyektini istismara qəbul edib

Energetika Materials 1 Aprel 2011 15:30 (UTC +04:00)
Azərbaycanın Dövlət Komissiyası Azərbaycan və İranı birləşdirən qaz nəqli infrastrukturunun tərkib elementi olan Astarada tikilmiş yeni qaz-kompressor stansiyasını istismara qəbul edib.
Dövlət Komissiyası Azərbaycanda iri qaz obyektini istismara qəbul edib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycanın Dövlət Komissiyası Azərbaycan və İranı birləşdirən qaz nəqli infrastrukturunun tərkib elementi olan Astarada tikilmiş yeni qaz-kompressor stansiyasını istismara qəbul edib. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə günü yaydığı məlumatda deyilir.

Məlumata əsasən, tikinti işləri ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında "Azəriqaz" İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti" tresti tərəfindən həyata keçirilib.

Mövcud Astara qaz-kompressor stansiyası Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatı məqsədilə 2005-ci ildə 2 ədəd kompressor və köməkçi avadanlıqlarla komplektləşdirilərək tikilib istismara verilib. Lakin Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatının daha etibarlı təmin edilməsi və Azərbaycan ilə İran arasında bağlanmış müqaviləyə uyğun olaraq qonşu ölkəyə təbii qazın ixracı məqsədilə yeni kompressor stansiyasının tikilməsi aktual məsələ kimi qarşıya qoyulub.

Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdə 6 ədəd kompressor aqreqatı quraşdırılmaqla mövcud kompressor stansiyası ilə birlikdə nəql edilən qazın gündəlik həcmi 3,5 milyon kubmetr səviyyəsinə çatdırılıb.

Yeni stansiya tikilənədək Azərbaycan "svop" tədarüklər çərçivəsində NMR-in təmini üçün sutkada İrana 1 milyon kubmetrdən çox qaz nəql edib.

İkinci mərhələdə isə kompressor aqreqatlarının sayını 10-dək artırmaqla hər iki kompressor stansiyasının gücünu 5 milyon kubmetrə çatdırmaq nəzərdə tutulur.

ARDNŞ və NIGEC (İranın Milli Qaz İxracı Şirkəti) yanvarın 12-də Bakıda Azərbaycan qazının İrana tədarükü haqqında uzunmüddətli müqavilə imzalayıblar. Beş il müddətinə imzalanan müqaviləyə görə, 2011-ci ildə Azərbaycan İrana bir milyard kubmetr qaz tədarük edəcək, sonrakı illərdə isə bu həcm artırılacaq.

Müqaviləni ARDNŞ prezidenti Rövnəq Abdullayev və NIGEC-in baş direktoru Cavad Oci imzalayıb.

Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr - 296,5 kilometri Azərbaycan ərazisində yerləşən Qazı Məhəmməd-Bind-Biand qaz kəməri birləşdirir. Bu marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Bu istiqamətində üç kompressor stansiyası - Qazı Məhəmməd, Ağdaş və Qazax stansiyaları tikilib. Kəmərin diametri 1200 millimetrdir.

Xəbər lenti

Xəbər lenti