...

"Petkim" neft-kimya kompleksinin gəlirləri 50 faizdən çox artıb

Energetika Materials 1 Noyabr 2011 17:38 (UTC +04:00)
"Petkim" neft-kimya kompleksinin təmiz gəliri 81,7 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 51 faiz çoxdur.
"Petkim" neft-kimya kompleksinin gəlirləri 50 faizdən çox artıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir E.İsmayılov/

Bu ilin yanvar-sentyabr aylarının yekunları üzrə ARDNŞ-nin iştirak payına malik olduğu Türkiyədəki "Petkim" neft-kimya kompleksinin təmiz gəliri 81,7 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 51 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Satış həcmləri ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 1,303 min tona çatıb", - məlumatda deyilir.

2011-ci ilin 9 ayı ərzində şirkətin ixrac etdiyi məhsulların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 73 faiz artaraq 634 milyon dollar təşkil edib.

Ötən 9 ayda şirkət istehsal güclərinin artırılması, texniki xidmət və istehsal səmərəliliyinin yüksəldilməsi məqsədilə 63 milyon dollarlıq sərmayə proqramları həyata keçirib.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün elan edilən tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.

"Petkim Petrokimya Holdinq" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə bu məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Xəbər lenti

Xəbər lenti