Azərbaycan, Bakı, 4 noyabr /Trend/
Noyabrın 3-də ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsində işçilərin mühafizəsinin təşkili və mümkün fövqəladə halların qarşısının alınması üzrə "təxliyyə" məşqi keçirilib.
Trend-in cümə günü ARDNŞ-yə istinadən yaydığı məlumata görə, neftin kompleks hazırlanması və nəqli sexində keçirilmiş məşq zamanı neft çənində baş vermiş şərti sızma nəticəsində yaranmış yanğın hadisəsi barədə məlumatın rəhbərliyə ötürülməsi, yanğının qarşısının alınması prosesinin qurulması, bu zaman NQÇİ-nin mülki müdafiə qüvvələrinin fəaliyyəti praktiki olaraq yoxlanılıb, "hadisə" ilə əlaqədar işçilərin "təxliyyəsi" həyata keçirilib.
Məşq zamanı qəza-xilasetmə işləri nəticəsində "xəsarət alanlar" "qəza zonası"ndan çıxarılıb, onlara ilk tibbi yardım göstərilib və təcili tibbi yardım maşını ilə xəstəxanaya göndəriliblər. Daha sonra İdarə rəisi "qəza"nın baş vermə səbəbinin araşdırılması və dəymiş ziyanın hesablanması barədə göstəriş verib.
Sonda "Neft Daşları" NQÇİ və Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsi rəhbərliyinin iştirakı ilə məşqin gedişi müzakirə edilib, fövqəladə halların qarşısının operativ olaraq alınmasında bu cür tədbirlərin böyük əhəmiyyətə malik olduğu vurğulanıb, analoji məşqlərin mütəmadi olaraq "Azneft" İB-nin digər sahələrində də keçirilməsi tövsiyə olunub.