Azərbaycan, Bakı, 31 may /Trend/
Azərbaycanın Sənaye və Energetika Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə görkəmli neftçi-alim Sabit Orucovun təntənəli yubiley mərasimi keçirilib.
Trend cümə axşamı ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun iştirak etdiyi tədbiri giriş sözü ilə açan sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycan neft-qaz sənayesinin ən parlaq simalarından biri olan Sabit Orucovun ömür yolu bütövlükdə neft-qaz sənayesinin ötən əsrdəki inkişaf salnaməsini özündə əks etdirir. Sabit Orucovun anadan olmasının 100 illiyinin dövlət səviyyəsində keçirilməsini müstəqil dövlətimizin və onun müdrik rəhbərinin neft sənayesinin inkişafına göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qiymətləndirən nazir tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Sonra ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Orucovun həyat və fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış edib, onun çoxsahəli və gərgin fəaliyyətinin Vətəninə, sevib-seçdiyi neftçi peşəsinə şərəf və ləyaqətlə xidmət göstərməyin əyani təcəssümü olduğunu vurğulayıb. Bildirib ki, dünya şöhrətli neft-qaz sənayesinin korifeyləri arasında müstəsna yeri olan Orucov bacarıqlı dövlət xadimi omaqla yanaşı, doğma Azərbaycanın neft-qaz sənayesinin inkişafı naminə yorulmaq bilmədən fədakarlıqla çalışıb, bu sahənin görkəmli təşkilatçısı, karbohidrogen yataqlarının kəşfiyyatı və işlənməsi sahəsində görkəmli alim kimi həmişəlik yaddaşlarda qalıb.
Bir fakt xüsusilə vurğulanıb ki, Sabit Orucovun böyük təşkilatçılıq qabiliyyəti SSRİ-nin qaz sənayesi naziri olduğu dövrlərdə (1973-1982-ci illər) daha da parlayıb, məhz onun misilsiz xidmətləri sayəsində keçmiş İttifaq ölkələrinin, o cümlədən Qərbi Sibirin Tümen vilayətinin, Uzaq Şərqin, Özbəkistanın, Qazaxstanın, Ukraynanın Komi Muxtar Respublikasının, Başqırdıstanın, Şimalı Qafqazın, Dağıstanın, Çeçenistanın bir çox neft-qaz-kondensat yataqları kəşf olunub, həmin yataqların sənaye işlənməsində böyük əmək sərf edib.
Daha sonra çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov, AMEA Geologiya İnstitutunun şöbə müdiri Adil Əliyev, ADNA-nın prorektoru Sakit Rəsulov, neft emalı sənayesinin veteranı Kamil Həkimov və başqaları dünya şöhrətli neftçi haqqında xatirələrini mərasim iştirakçıları ilə bölüşüb, onun gördüyü işlərin bu gün də Azərbaycan iqtisadiyyatına verdiyi töhfələrdən bəhs edinlər. Sabit Orucovun ailəsi adından çıxış edən qardaşı oğlu Faiq Orucov yubileyin dövlət səviyyəsində belə möhtəşəm qeyd olunduğuna görə Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələrə şəxsən rəhbərlik edən və neftçi əməyinə, korifey neftçilərin unudulmaz xatirəsinə dərin ehtiram göstərən Azərbaycan Prezidenti İlham Əliyevə sonsuz təşəkkürünü bildirib.
Mərasimin sonunda Sabit Orucovun fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 20 sentyabr 2011-ci il tarixli sərəncamına uyğun olaraq, neft-qaz sənayesi sahəsində tanınmış alim və dövlət xadimi, sabiq SSRİ qaz sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Sabit Atababa oğlu Orucovun 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilir.