Azərbaycan, Bakı, 9 avqust /Trend/
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda həyata keçirilən əsaslı təmir işləri çərçivəsində "EP-300" kompleksinin son mərhələ qurğusu olan məşəl qülləsində təmir işləri qrafikə uyğun olaraq davam etdirilir.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, qüllənin aşağı, baza hissəsində təmir işləri ilə məşğul olan Təmir-Tikinti İdarəsinin xüsusi briqadası tərəfindən özülün metal konstruksiyalarının gücləndirilməsi, texnoloji xətlərin yanar və təhlükəli qazlardan təmizlənməsi, onların korroziya ehtimalı olan hissələrinin dəyişdirilməsi işləri uğurla aparılır.
Paralel olaraq metal konstruksiyaların və texnoloji boru xətlərinin korroziyaya davamlı kimyəvi məhlullarla rənglənməsi və izolyasiyası üzrə işlər də görülür.