Bakı. Trend:
Sürücülük vəsiqəsində, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.
Trend xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq qərar imzalayıb.
Qərara əsasən, bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.
Qərar qəbul edildiyi gündən 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılıb ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görsün.
Məlumat üçün bildirək ki, qərar mayın 22-də qəbul edilib, iyunun 3-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, iyunun 4-də qüvvəyə minib.