Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Emil İsmayılov/
2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft sektoruna 4,41 milyard manat investisiya yatırılıb. Bu rəqəm 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 28,2 faiz çoxdur. Bu barədə Trend Dövlət Statistika Komitəsinin 9 ayın yekunları üzrə hesabatına istinadən məlumat verir.
2013-cü ildə Azərbaycanın neft sektoruna 4,82 milyard manatdan çox investisiya yatırılmışdı ki, bu da 2012-ci ilin göstəricisindən 24,2 faiz çox idi.
Məlumata görə, yanvar-sentyabr aylarında Azərbaycanın sənaye sahəsinə yatırılmış kapital qoyuluşları 5,35 milyard manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 5,4 faiz çoxdur.
Bu vəsaitdən emal sənayesi sahəsinə 4,4 milyard manat həcmində sərmayə qoyulub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 27,5 faiz çoxdur.
2013-cü ildə Azərbaycanın sənaye sektoruna kapital qoyuluşlarının ümumi həcmi 7,08 milyard manat təşkil etmişdi ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz çox idi. Bu vəsaitdən emal sahəsinə yatırılmış investisiyaların həcmi təqribən 4,7 milyard manat olmuşdu ki, bu da 2012-ci ilin göstəricisindən 20,6 faiz çox idi.
Hesabat dövründə elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına yatırılmış investisiyaların həcmi 197,1 milyon manat təşkil edib. Bu, 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 7,6 faiz azdır.
2013-cü ildə elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına yatırılmış investisiyaların həcmi 390,5 milyon manat təşkil etmişdi. Bu, 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 31,5 faiz az idi.