...

Bu gün Azərbaycanda Bakı Enerji Həftəsi başlayacaq

Energetika Materials 1 İyun 2022 08:29 (UTC +04:00)
Bu gün Azərbaycanda Bakı Enerji Həftəsi başlayacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edəcək.

Trend xəbər verir ki, iyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi (“Baku Energy Week”) öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərdə və forumda 30 ölkədən 249 şirkət iştirak edəcək.

Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.

Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.

Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi də göstərir: “ACWA Power”, BP, “Equinor”, “Masdar”, INPEX, “Turkiye Petrolleri”, “Baker Hughes”, “Microsoft”, “PASHA Bank”, “TechnipFMC”, “Tenaris”, “TotalEnergies”, “Uniper”, “Azeri MI Drilling”, AZFEN, “Baku Steel Company”, “Caspian Drilling”, “Caspian Marine Services Limited”, “Ernst & Young”, “Global Energy Azerbaijan Management”, “Tekfen”.

İştirakçılar arasında “Bos Shelf”, “Gazprombank”, “Equinor”, “Schlumberger” və digər şirkətlər çıxış edəcək.

Bakı Enerji Həftəsinə yüksək vəzifəli qonaqların gəlməsi gözlənilir: Serbiya Respublikasının Baş nazirinin müavini (dağ-mədən sənayesi və energetika naziri); Moldovanın Baş nazirinin müavini (infrastruktur və regional inkişaf naziri); ABŞ-ın Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini; Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru; Rumıniya, Bolqarıstan, Qazaxıstanın energetika nazirləri; İran İslam Respublikasının neft naziri; Beynəlxalq Enerji Forumunun baş katibi; Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi; İtaliyanın Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini; İndoneziyanın Neft və qazın baş direktoru (Energetika və Mineral Ehtiyatlar Nazirliyi); Hindistan Respublikasının Enerji Nazirliyinin əlavə katibi; İdarə Heyətinin üzvü və İcraçı direktor (Bulgargaz EAD); TANAP Konsorsiumunun baş direktoru.

Sərgidə Almaniya, Rumıniya, Rusiya milli pavilyonla iştirak edəcək. Bu ilin yenilikləri arasında: bərpa olunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, anlaşma memorandumları, yaşıl hidrogen və ixrac məsələləri.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti