Bakı. Trend:
Avstriyanın dasfazit.at onlayn qəzetində "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təməlini formalaşdırır" adlı məqalə dərc olunub.
Trend-in məlumatına görə, məqalədə Avropadakı enerji böhranı və Azərbaycanın enerji təhlükəsizliyinin təməlini formalaşdıra biləcək etibarlı tərəfdaş qismində rolu əks olunub.
Məqalədə vurğulanır ki, Aİ ölkələrinin bərpa olunan enerji mənbələrinə artan marağına, eləcə də koronavirus pandemiyası zamanı yanacaq xammalına tələbatın kəskin azalmasına baxmayaraq, post-kovid dövrü ənənəvi enerji mənbələrinə tələbin görünməmiş artımı ilə yadda qaldı. Belə ki, Aİ ölkələrində sənaye və iqtisadi inkişafın genişlənməsi daha ucuz xammalın mövcudluğunu tələb edirdi. Ukrayna böhranı da alternativ enerji mənbələrinin axtarışında mövcud tendensiyanın güclənməsinə öz töhfəsini verib.
Qeyd olunur ki, Aİ ölkələrinin Rusiyanın enerji daşıyıcılarından asılılıqdan qurtulmaq üçün atdığı addımların uğuru birbaşa “alternativ xammal mənbələrinin malik olacağı potensialdan, eləcə də tədarükçünün imkanlarından asılı olacaq". Bu mərhələdə isə Avropa bir sıra maneələrlə üzləşir.
Materialda vurğulanır ki, potensial tədarükçülərin xüsusiyyətləri və enerji daşıyıcılarının nəqli şərtləri avropalı alıcılar üçün həyati əhəmiyyət kəsb edir, çünki belə layihələrin həyata keçirilməsində Avropa enerji bazarları üçün prioritet “təhlükəsizlik, mövcudluq və davamlılıq" prinsipləridir. Məsələn, müəllifə görə, Avropaya xammal ixracını artıra biləcək Qətər və BƏƏ-nin təmsil olunduğu Fars körfəzi ölkələri Yaxın Şərqdəki qeyri-sabit vəziyyətə görə bu fürsəti itirir və bu imkandan kənarda qalırlar. Körfəz ölkələri Avropa bazarına mayeləşdirilmiş qazın yeni tədarüklərini təklif etsələr də, bu növ yanacağın qiyməti təbii qazdan xeyli yüksək olacaq və bu, mayeləşdirilmiş təbii qaz tədarükünün rəqabət qabiliyyətini xeyli zəiflədir.
Bundan başqa, məqalədə qeyd olunduğu kimi, Asiya regionunda yeni neft idxalçılarının - Hindistan və Çinin meydana çıxması Avropada böyük narahatlıq doğurur, çünki bu ölkələr yanacaq tədarükçülərinə ixrac üçün daha əlverişli şərtlər təklif edirlər ki, bu da enerji bazarında rəqabətin artması ilə nəticələnir və bu da öz növbəsində qiymət artımına təsirini göstərəcək.
Yaranmış şəraitdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə özünü enerji dövləti kimi reallaşdırmaq yolunda irəliləyən Azərbaycan, yəqin ki, Cənub Qaz Dəhlizi layihəsini də nəzərə alsaq, potensial oyunçuya çevrilə bilər.
Qeyd olunur ki, 2021-ci ildə Azərbaycan qazının Avropaya ixracı 8,2 milyard kubmetr, 2022-ci ildə isə 12 milyard kubmetr təşkil edib. Eyni zamanda vurğulanır ki, qaz kəmərinin ötürücülük qabiliyyəti bu rəqəmi 20 milyard kubmetrə çatdırmağa imkan verir.
Məqalə müəllifinin sözlərinə görə, 2020-ci ildə başa çatan Trans-Adriatik qaz xətti avropalı istehlakçılar üçün xüsusilə cəlbedicidir və onun funksiyası Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədindən Albaniya vasitəsilə İtaliyanın cənubuna nəql etməkdir, bundan sonra isə qaz Mərkəzi Avropaya satılır.
Azərbaycanın qaz ehtiyatları mövzusuna gəlincə, məqalədə təsdiqlənmiş ehtiyatların həcmi 2,6 trilyon kubmetr, qiymətləndirilən ehtiyatların həcmi isə 3 trilyon kubmetr göstərilir.
Məqalədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun "Azərbaycanın qaz ehtiyatları ölkəmizi, Türkiyəni və Avropanı uzun müddət qazla təmin etməyə kifayət edəcək” sözləri sitat gətirilir.
Azərbaycan və Aİ arasında “Enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması, eləcə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin “Aİ etibarlı enerji tədarükçlərinə üz tutur və Azərbaycan da onlardan biridir” sözləri Azərbaycanın artan rolunun parlaq nümunəsi kimi qiymətləndirilir.
Məqalədə, həmçinin illik gücü 3 milyard kubmetr olan və gələcəkdə 5 milyarda çatdırıla bilən IGB qaz interkonnektorunun istismara verilməsindən bəhs olunur. Qeyd olunur ki, bu layihə çərçivəsində Azərbaycan qazı Cənub-Şərqi Avropanın, xüsusilə də Bolqarıstanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevriləcək.
(Tərcümə: Orxan Nəbiyev)