...

Xorvatiya İon-Adriatik Boru Kəməri layihəsinin gedişatına dair məlumat verib

Energetika Materials 21 Fevral 2023 17:33 (UTC +04:00)
Xorvatiya İon-Adriatik Boru Kəməri layihəsinin gedişatına dair məlumat verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İon-Adriatik Qaz Kəməri (IAP) layihəsi hələ də hazırlıq mərhələsindədir.

Bu barədə Xorvatiyanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən Trend-ə bildirilib.

"Avropa Enerji İttifaqında təhlükəsizlik məsələsi həmişə mühüm mövzu olub, lakin son 12 ay ərzində Ukraynadakı müharibə səbəbindən daha da aktuallaşıb. Biz IAP layihəmizi Cənubi və Cənub-Şərqi Avropanın növbəti onillikdə də qaz tədarükünə kömək edə biləcək potensial həllərdən biri olaraq nəzərdən keçiririk. Layihə hələ hazırlıq mərhələsindədir", - nazirlikdən deyilib.

Bununla belə, idarənin bildirdiyinə görə, IAP 4 ölkənin iştirak etdiyi mürəkkəb layihədir və layihənin reallaşdırılması üzrə hər hansı proqnoz vermək asan deyil.

"IAP layihəsi ildə 5 milyard kubmetr qaz tədarükünü nəzərdə tuturdu. Lakin son 12 ay ərzində bütün Avropada tələbat artıb", - Xorvatiya nazirliyindən bildiriblər.

Qeyd edək ki, İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.

516 km uzunluğa malik boru kəmərinin Albaniya, Monteneqro, Bosniya və Herseqovina ərazisindən keçərək Xorvatiyada bitəcəyi gözlənilir. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr qaz olacaq.

TAP artıq layihənin tərtibatçıları olan Plinacro (Xorvatiya), BH-Gas (Bosniya və Herseqovina), GeoplinPlinovodi (Sloveniya) ilə, həmçinin Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və Tərəfdaşlığa dair Memorandum imzalayıb.

TAP və IAP işçi qrupu yaradılıb və texniki qoşulma məsələlərini razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirir.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti