Bakı. Trend:
“S&P Global Ratings” agentliyinin qiymətləndirməsinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə göstəriciləri onların yaxşılaşması üçün imkanlar məhdud olsa belə, qarşıdakı illərdə nisbi sabit qalacaq.
Trend xəbər verir ki, agentliyin gözləntilərinə görə, SOCAR-ın EBITDA göstəricisi 2025-2027-ci illərdə 2024-cü ildəki 6,7 milyard manatla müqayisədə 5,5-6 milyard manata qədər azalacaq. Bu azalma dünya bazarında neft və qazın qiymətlərinin aşağı düşməsi, həmçinin karbohidrogen hasilatının tədricən azalması ilə əlaqədardır.
Bununla belə, “S&P”nin proqnozlarına əsasən, əməliyyat fəaliyyətindən əldə olunan pul axınları (FFO) ümumilikdə sabit qalacaq. Bu, əsasən vergi yükünün azalması və faiz xərclərinin cüzi şəkildə enməsi ilə izah olunur. Nəticədə, SOCAR agentliyin baza ssenarisinə əsasən, FFO-nun borca nisbətini 12-15 faiz diapazonunda saxlaya biləcək.
“S&P” bildirir ki, bu proqnoz kapital xərclərinin (Capex) illik təxminən 3 milyard manata qədər artımını da nəzərə alır. Bu artım hasilat layihələrinə mümkün investisiyaları və sabit səviyyədə dividend ödənişlərinin qorunmasını əks etdirir.
Agentliyin qiymətləndirməsinə görə, “S&P Global Ratings” metodologiyasına əsasən SOCAR-ın korrektə edilmiş borc göstəricisi orta-müsbət sərbəst əməliyyat pul axınına (FOCF) baxmayaraq, yüksək səviyyədə– təxminən 27,5-28 milyard manat, FOCF isə təxminən 1 milyard manat civarında qalacaq.
Eyni zamanda, “S&P” vurğulayır ki, hesablamalarda xalis deyil, ümumi borc (pul vəsaitləri nəzərə alınmadan) əsas götürülür, hərçənd, modeldə müəyyən korrektələr tətbiq olunur. Bununla belə, SOCAR-ın 2024-cü ilin sonuna olan balansında təxminən 14 milyard manat həcmində əhəmiyyətli pul vəsaitləri mövcuddur ki, bu da xüsusilə qısamüddətli öhdəliklərin yüksək payı nəzərə alındıqda şirkətin likvidliyini dəstəkləyir.
