Bakı. Trend:
Ümumilikdə "Şahdəniz 2" layihəsi çərçivəsində 23 quyu qazılıb.
Trend bu barədə bp-yə istinadən xəbər verir.
Dördüncü rüb ərzində "Şahdəniz Alfa" platforması qazma qurğusunun yenidən aktivləşdirilməsini tamamlayıb və "Şahdəniz Alfa" quyularında bir sıra əlavə perforasiya işlərinə başlayıb.
"İstiqlal" və "Heydər Əliyev" qazma qurğuları "Şahdəniz 2" layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. Rüb ərzində "İstiqlal" qazma qurğusu "SDG03" quyusunda əlavə perforasiya işləri həyata keçirib və qərb cinahında "SDD05" quyusunda karotaj və birləşdirmə borularının düzülməsi işlərinə başlayıb. "Heydər Əliyev" qazma qurğusu isə şərq-şimal cinahında "SDH05" quyusunun qazma işlərini davam etdirib.
Ümumilikdə "Şahdəniz 2" çərçivəsində qazılan quyulara yatağın şimal cinahında beş, qərb cinahında beş, şərq-cənub cinahında dörd, qərb-cənub cinahında beş və şərq-şimal cinahında dörd quyu daxildir.
Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 77 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.
"Şahdəniz"də iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).
