Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Suriya Ərəb Respublikasına 120,085 milyon ABŞ dolları dəyərində 350,899 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, 2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. 2025-ci ilin avqustun 2-dən etibarən isə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Əlavə edək ki, ümumilikdə, 2025-ci ildə Azərbaycan 8,8 milyard ABŞ dolları dəyərində 25,2 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 413 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından isə 585 milyon kubmetr və ya 2,3% azdır.
