Bakı. Trend:
Şərur Günəş Elektrik Stansiyasında bu ilin yanvar ayında 950 kVt-saat elektrik enerjisi istehsal edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.
Xatırladaq ki, bu rəqəm ötən il ərzində 17.643 min kVt/saat olub.
Qeyd edək ki, Şərur rayonunun Zeyvə kəndi ərazisində 5 meqavatlıq yeni Günəş Elektrik Stansiyasının qurulması barədə, 2020-ci ilin avqustun 16-da və stansiyasının layihə gücünün daha 3 meqavat artırılması üçün 05 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə İsveçrənin “Pure Energy Development” SARL şirkəti arasında müqavilə imzalanıb. 02 iyun 2023-cü il tarixində isə stansiyanın gücü daha 3 meqavat artırılaraq 11 meqavata çatdırılıb. İl ərzində 16,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub. Bu da Şərur rayonunun elektrik enerjisinə olan tələbatının 65÷70%-i deməkdir.