...

Azərbaycan 2040-cı ilədək 4 QVt bərpa olunan enerjinin ixracını planlaşdırır - "SOCAR Green"

Yaşıl iqtisadiyyat Materials 30 Sentyabr 2025 11:06 (UTC +04:00)
Azərbaycan 2040-cı ilədək 4 QVt bərpa olunan enerjinin ixracını planlaşdırır - "SOCAR Green"
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2040-cı ilə qədər mərhələli tətbiqetmə nəticəsində təxminən 4 qiqavatlıq bərpa olunan enerjini ixrac etməyi planlaşdırır. Bərpa olunan enerjinin fasiləli xarakterini nəzərə alaraq, şəbəkəni tam gücü ilə davamlı işlətmək üçün 4 qiqavatlıq ixracdan üç dəfə artıq həcm tətbiq olunmalıdır.

Trend xəbər verir ki, bunu “SOCAR Green” şirkətinin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.

O qeyd edib ki, enerji layihələrinin tətbiqi müxtəlif mərhələlərə bölünüb:

"Birinci mərhələ artıq tamamlanmaq üzrədir. Bu mərhələni pilot mərhələ adlandırmaq olar və 2027-ci ilə qədər davam edəcək. Bu, giriş mərhələsidir və burada hökumət inkişaf etdirici şirkətləri maksimum dəstəkləyir ki, ilk layihəni həyata keçirə bilsinlər və operativ hala gətirsinlər. Bu mərhələdə inkişaf etdiricilərdən enerji saxlanması tələb olunmur, onlara şəbəkəyə prioritet çıxış verilir və hər hansı kəsilmə tətbiq edilmir. Əsas məqsəd bu mərhələdə konsepsiyanı təsdiqləməkdir. Azərbaycan milli şəbəkəsinin bu mərhələdə 2 gigavatlıq bərpa olunan enerji inteqrasiyası imkanı var və 2027-ci ilə qədər bu 2 gigavat artıq mövcud və həyata keçirilmiş layihələrlə dolub".

"SOCAR Green" nümayəndəsinin sözlərinə görə, ikinci mərhələ 2028–2030/2032-ci illəri əhatə edəcək və bu, “yetkinlik mərhələsi” adlanır:

"Bu mərhələdə Azərbaycan milli şəbəkəsi bərpa olunan enerji mənbələrinin davranışını öyrənir və onların daha çox inteqrasiyasına hazır olub-olmadığını təhlil edir. Hazırda "AzərEnerji" ASC və Çin şirkəti "China Energy" ilə birlikdə ikinci mərhələdə hansı əlavə bərpa olunan enerji mənbələrinin inteqrasiya oluna biləcəyini və bunun üçün hansı texniki yeniliklərin, o cümlədən şəbəkədə hansı enerji saxlanma həcmində dəyişikliklərin lazım olduğunu müəyyən edən bir araşdırma aparılır. Ümid edilir ki, bu araşdırma ilin sonuna və ya gələn ilin əvvəlinə qədər yekunlaşacaq və investorlar olaraq biz də ikinci mərhələ ilə bağlı daha aydın təsəvvür əldə edəcəyik".

E. Tarquliyevin sözlərinə görə, üçüncü mərhələ isə “ixrac mərhələsi” adlanır:

"Azərbaycan, neft və təbii qaz ixracatçısı olduğu kimi, Avropaya yaşıl enerji ixracatçısı olmağı hədəfləyir. Bu mərhələdə daha böyük həcmli bərpa olunan enerji layihələri reallaşdırılacaq. Bəzi layihələr birbaşa milli şəbəkəyə qoşulmayacaq, çünki Azərbaycanın daxili enerji tələbi ixrac planları ilə müqayisədə kifayət qədər azdır. Bu mərhələdə diqqət daha çox dəniz küləyi və ya gigavat səviyyəli layihələr üzərində olacaq.
Məsələn, "Masdar" və ACWA Power" şirkətləri ilə 3,5 qiqavatlıq dəniz küləyi layihələrinin həyata keçirilməsi üzrə anlaşma memorandumu mövcuddur. Çin şirkətləri "Power China Resources" və "China Corporation" ilə də 2 gigavatlıq bərpa olunan enerji, yəni dəniz küləyi layihələrinin tətbiqi üçün Energetika Nazirliyi ilə memorandum imzalanıb.

Bu layihələrin əsas məqsədi “yaşıl enerji koridorları” vasitəsilə Avropaya ixracdır. Bu koridorlar Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Azərbaycana və Azərbaycanı Qara dəniz üzərindən Avropaya birləşdirir və beləliklə, Azərbaycan Avropaya bərpa olunan enerji ixrac edən bir mərkəzə çevriləcək. Əlavə olaraq ixrac üçün alternativ marşrutlar da nəzərdə tutulub ki, birində hər hansı çətinlik yaranarsa, digər marşrutdan istifadə olunaraq ixrac davam etdirilə bilsin. Bu alternativ marşrutlar arasında Azərbaycan-Naxçıvan-Zəngəzur-Türkiyə-Bolqarıstan və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan variantları var. Bütün bu marşrutlar birlikdə “yaşıl enerji koridorları” adlanır".

Xəbər lenti

Xəbər lenti