...

"Azercell Telekom" Suzan Mübarəkin rəhbərlik etdiyi "İnsan alverinə qarşı Beynəlxalq Forum"da iştirak edib

Telekommunikasiya Materials 16 Dekabr 2010 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Dekabrın 10-12-də Misirdə "İş adamları insan alverinə qarşı Beynəlxalq Forum" keçirilib. Misirin birinci xanımı Suzan Mübarəkin rəhbərlik etdiyi Qadınların Beynəlxalq Sülh Hərəkatı və BMT-nin İnsan Alverinə qarşı Qlobal Təşəbbüsü tərəfindən təşkil olunan bu forumun əsas məqsədi iş dünyası, incəsənət aləmi və medianın tanınmış şəxslərini bir araya gətirərək, onları insan alverinə qarşı mübarizədə iştiraka həvəsləndirməkdir. Bu barədə "Azercell Telekom" MMC-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Forum insan alverinə qarşı mübarizədə iş adamlarının rolunu vurğulamaqla yanaşı, onları bu bəla ilə mübarizədə öz şəbəkələrindən istifadəyə çağırmaq məqsədi daşıyır. Toplantıda özəl sektor üçün onlayn "e-təhsil" proqramının təqdimatı da baş tutub.

"İnsan alverinə indi son qoyaq" qlobal kampaniyası çərçivəsində baş tutan forumda "Azercell Telekom" MMC-nin nümayəndə heyəti də iştirak edib. Şirkətin prezidenti Əli Ağan toplantıda çıxış edərək "Azercell"in bu kampaniya çərçivəsində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışıb. Eyni zamanda, şirkət prezidenti Misirin birinci xanımı Suzan Mübarək, Misirin rabitə və informasiya texnologiyaları nazirinin müavini, Bəhreyn Kralının həyat yoldaşı Şeyxa Sabika bint İbrahim Əl-Xəlifə, ABŞ Prezidentinin insan alverinə qarşı xüsusi elçisi Melani Vervir, "Orascom Telekom"un rəhbəri Naqib Saviris, İsgəndəriyə kitabxanasının direktoru İsmayıl Serageldi, BMT-nin keçmiş baş katibi Butros-Butros Qali, Belçika senatının sədri Ənn Mari Lizinlə görüşlər keçirib və "CNN International" kanalına "Azercell Telekom"-un mövzu ilə əlaqədar dəstəklədiyi təşəbüslər haqqında müsahibə verib.

Forum günlərində Oskar mükafatçısı Robert Belheymerin çəkdiyi və insan alverinin qurbanlarına həsr olunmuş "Mənim həyatım deyil" filminin dünya premyerası baş tutub. Bəhreyn kralının həyat yoldaşı və Belçika şəhzadəsi Matilda ilə bərabər dünyanın bir çox ölkələrinin rəsmiləri, Hollivudun tanınmış simalarından olan Mira Sorvino, Demi Mur, Aşton Katçer kimi sülhməramlı səfirlərin və aktyorların da qatıldığı bu tədbiri CNN və BBC kanalları geniş işıqlandırıb və forumun mövzuları ilə əlaqədar Cim Klansi və Zeynab Badauvi tərəfindən cənlı debatlar təşkil olunub.

Luksor Forumunun təşkilatçıları ümid edirlər ki, bu toplantı gələcəkdə insan alveri qurbanları üçün yaradılan beynəlxalq fondu dəstəkləyən platformaya çevriləcək. Onlar dünyada ən böyük açıq hava muzeyi sayılan Luksorun insan alverinə qarşı mübarizədə simvola çevriləcəyinə inanırlar.

Qeyd edək ki, "Azercell Telekom" MMC "YES" Azərbaycan İnsan Alverinə Son Qoyaq kampaniyasının iştirakçısıdır və kampaniya çərçivəsində Azərbaycanda keçirilən tədbirlərin baş tutmasını dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti