...

"Azərpoçt" MMC universal poçt xidmətlərinin tariflərini tənzimləyir

Telekommunikasiya Materials 2 Fevral 2011 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 fevral/Trend/ 

RİTN-in tabeliyində olan "Azərpoçt" MMC-nin göstərdiyi universal poçt xidmətlərinin (UPX) əvvəlki tarifləri Tarif (qiymət) Şurası tərəfindən 2002-ci ilin oktyabr ayında təsdiq edilmişdi.  Son illərdə UPX üzrə mövcud tariflərin maya dəyərindən xeyli aşağı olması ilə bağlı yaranmış uyğunsuzluqlar bu xidmətlərin "Azərpoçt" MMC-yə zərərlə başa gəlməsinə və nəticədə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin təşkilində ciddi maneələrin meydana çıxmasına səbəb olub. Uyğunsuzluqların aradan qaldırılması və eyni zamanda bu sahədə Ümumdünya Poçt İttifaqının (ÜPİ) mövcud tələb və tövsiyələrinin yerinə yetirilməsi məqsədilə "Azərpoçt" MMC tərəfindən UPX üçün yeni tarif paketi hazırlanaraq ötən ilin əvvəlində Tarif (qiymət) Şurasına təqdim olunmuş, Tarif (qiymət) Şurasının 31.01.2011-ci il tarixli 2 nömrəli qərarı ilə universal poçt xidmətlərinin yeni tarifləri təsdiq edilib.

Yeni tariflərin əvvəlki ilə müqayisədə fərqi texniki, qruplaşdırma və struktur xarakterli dəyişikliklərin aparılmasındadır. Belə ki, ayrı-ayrı xidmətlər üzrə tariflərin strukturu bu sahədə ÜPİ-nin yeni tələb və tövsiyələrinə uyğunlaşdırılıb. Məsələn, bütün növ məktub korrespondensiyası üzrə yeni (50 qr) çəki kateqoriyası daxil edilmiş, daxili göndərişlər üçün qiymət intervalı azaldılmış, beynəlxalq avia məktub korrespondensiyası üçün əlavə aviadaşıma haqqı ləğv edilərək, ayrıca aviatariflər tətbiq edilmiş, beynəlxalq bağlamalarda ölkələr üzrə qruplar ləğv edilərək hər bir ölkə üçün ayrı-ayrılıqda tarif müəyyən olunmuşdur. Aparılmış dəyişikliklər nəticəsində yeni tariflərdə əvvəlki ilə müqayisədə bir sıra xidmətlər üzrə bəzi çəkilərdə artımlar olmuş, bəzi hallarda əvvəlki tariflərə uyğun, bəzi hallarda isə aşağı tariflər qeydə alınmışdır. Yeni tariflər həmçinin region üzrə mövcud olan orta tariflərə uyğunlaşdırılıb.

ÜPİ tərəfindən qoyulmuş əsas tələblərdən biri də daxili məktub tariflərinin beynəlxalq qaydalara uyğun tənzimlənməsidir ki, bu da yeni tariflərdə qismən nəzərə alınıb. Belə ki, 2012-ci ildən etibarən daxil olan beynəlxalq poçtun çatdırılmasına görə xarici ölkələrlə qarşılıqlı hesablaşmaların aparılması üçün tətbiq ediləcək beynəlxalq tarif hər bir ölkənin daxili məktub tarifi əsasında ÜPİ tərəfindən təyin ediləcəkdir. Qarşılıqlı hesablaşmalarda daxili tarifin aşağı olması xarici ölkələrin yaranacaq gəlir itkisinə yol verməmək üçün daxili məktub tariflərinin  maya dəyərinə uyğunlaşdırılması ÜPİ tərəfindən vacib məsələ kimi qarşıya qoyulmuşdur.

UPX üzrə tarif tənzimlənməsini zəruri edən əsas səbəblərdən biri də beynəlxalq poçtun daşınma və təyinat ölkələrində çatdırma xərclərinin mütəmadi olaraq dəyişməsi ilə bağlıdır. Belə ki, son illərdə daşıma və çatdirma  xərclərində ümumilikdə artım tendensiyası müşahidə olunsa da, zərurətlə bağlı daşınma istiqamətlərinin dəyişdirilməsi bu xərclərin də azalıb-artmasına səbəb olur. Digər tərəfdən ayrı-ayrı təyinat ölkələrinin daxilində çatdırma xərcləri dəyişdiyindən ÜPİ tərəfindən ildə 2 dəfə müvafiq tariflərə baxılaraq, artım və ya azalma istiqamətində tənzimlənir. Məhz bu və digər səbəblərdən beynəlxalq poçt xidmətlərində çevik tarif siyasətinin aparılması vacib əhəmiyyət kəsb edir.

UPX üzrə yeni tariflərin tətbiqi həm də xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcəkdir.           

Daha ətraflı məlumat Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin rəsmi portalında (www.mincom.gov.az)

Xəbər lenti

Xəbər lenti