...

"Azercell" jurnalistlər üçün treninq keçirtdi

Telekommunikasiya Materials 10 İyun 2011 16:56 (UTC +04:00)
İyunun 9-da "Azercell Telekom" MMC-nin təşkilatçılığı ilə media nümayəndələri üçün təlim baş tutub. Korporativ Sosial Məsuliyyət (KSM) mövzusuna həsr edilmiş treninqdə 20-dən çox jurnalist iştirak edib.
"Azercell" jurnalistlər üçün treninq keçirtdi

Azərbaycan, Bakı, 10 iyun /Trend/

İyunun 9-da "Azercell Telekom" MMC-nin təşkilatçılığı ilə media nümayəndələri üçün təlim baş tutub. Korporativ Sosial Məsuliyyət (KSM) mövzusuna həsr edilmiş treninqdə 20-dən çox jurnalist iştirak edib.

Azercell-den Trend-ə verilən məlumata görə, təlimin açılış mərasimində "Azercell Telekom" MMC-nin media və nəşriyyat üzrə eksperti Fəxri Abbasov çıxış edərək bu mövzunun media nümayəndələri, həm də cəmiyyət üçün hansı önəm daşıdığından danışıb. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfədir KİV təmsilçiləri üçün Korporativ Sosial Məsuliyyət mövzusunda tədbir təşkil edilir.

"Korporativ sosial məsuliyyət Azərbaycan şirkətləri üçün nisbətən yeni anlayış olsa da, "Azercell Telekom" MMC artıq neçə illərdir ki, bu sahədə öz prinsiplərini tətbiq edir. Biz korporativ sosial məsuliyyətin köməyi ilə ölkəmizin olan dəyərlərini qorumaq, gələcək dəyərləri yaratmaq və dəyərləri paylaşmağı qarşımıza məqsəd qoymuşuq", - o deyib. Şirkət təmsilçisi bildirib ki, bu təlimin media nümayəndələrinin mövzu ilə bağlı biliklərini artırmasına və bu önəmli sahə üzrə cəmiyyətimizin məlumatlandırılması işində yardımçı olacağına ümid edir.

Mərasimdə ABŞ Təhsilli Azərbaycan məzunları İctimai Birliyinin İdarə Heyətinin sədri Ceyhun Kərəmov treninqin mahiyyəti haqqında məlumat verib. Daha sonra Azərbaycan Diplomatik Akademiyasında icraçı prodüser Zaur Həsənov, Korporativ Sosial Məsuliyyət Şəbəkəsi İctimai Birliyinin yaradıcısı Aqil Qurbanov, Xəzər Universitetinin İqtisadi İdarəetmə Departamentində Biznes Kommunikasiyası üzrə professor Şəhla Sultanova, Asiya İnkişaf Bankında İctimaiyyətlə əlaqələr üzrə məsləhətçi Tariyel Cəlallı müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər.

İki gün davam edən təlimdə Korporativ Sosial Məsuliyyət anlayışının Qərbdə və Azərbaycanda meydana gəlməsi, Azercell-in KSM-in inkişafında rolu, xeyriyyəçilik və KSM arasındakı fərqlər, Azərbaycanda KSM-in təbliğatı və bu işdə medianın oynaya biləcəyi rol, müasir dövrün jurnalistikasında Korporativ Sosial Məsuliyyətlə adi reklam arasındakı fərq və s. mövzularda müzakirələr keçirilib.

Təlimin sonunda jurnalistlərə "Azercell Telekom" MMC tərəfindən sertifikatlar təqdim edilib. Sertifikatları təqdim edən Azercell-in Korporativ ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə qeyd edib ki, bu tədbir Azercell-in prioritet elan etdiyi iki önəmli sahəni - Korporativ Sosial Məsuliyyəti və medianı əhatə edir.

"Biz əminik ki, bu sahə üzrə jurnalistlərin biliyi nə qədər çox olarsa, bundan həm onların özləri, həm də cəmiyyətimizin qazancı böyük olacaq. Bir tərəfdən, jurnalistlərin özləri konkret istiqamət üzrə daha ətraflı bilik alacaq, peşəkarlıqlarını artıracaqlar. Digər tərəfdən, cəmiyyətimiz peşəkar jurnalistlər tərəfindən hazırlanan dolğun məlumat almış olacaq", - o deyib.

"Azercell Telekom" MMC indiyə qədər Korporativ Sosial Məsuliyyət mövzusuna həsr edilmiş müxtəlif tədbirlərə sahiblik edib. Şirkətin təşkilatçılığı ilə bu mövzuda geniş konfrans baş tutub. Azercell-in KSM sahəsində uğurlu fəaliyyətinə Uşaq Qaynar Xətti layihəsi, Mobil Göz Klinikası və Mobil Diş Klinikası layihələrini də misal çəkmək olar. Ümumilikdə fəaliyyətdə olduğu 14 il ərzində "Azercell Telekom" ölkəmizdə sosial layihələrin icrasına təxminən 14,7 milyon ABŞ dolları xərcləyib.

"Azercell Telekom" "Korporativ Sosial Məsuliyyət" nominasiyasında bir sıra mükafatlara da layiq görülüb. Bu qisimdən "Heç bir uşağı nəzərdən qaçırmayaq" Milli İctimai Mükafatı, World Communication Awards (Ümumdünya Kommunikasiya Mükafatı) "Yaşıl mükafat" nominasiyasında qələbəni qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti