...

Azərbaycan İKT sahəsində Koreya təcrübəsindən istifadə edə bilər

Telekommunikasiya Materials 8 Fevral 2012 15:54 (UTC +04:00)
Fevralın 7-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ilə Koreyanın Azərbaycanda səfərdə olan bir qrup nümayəndəsi arasında görüş keçirilib.
Azərbaycan İKT sahəsində Koreya təcrübəsindən istifadə edə bilər

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir H.Vəliyev/

Fevralın 7-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ilə Koreyanın Azərbaycanda səfərdə olan bir qrup nümayəndəsi arasında görüş keçirilib.

"KOICA" (Korea International Cooperation Agency) agentliyinin əməkdaşlıq məsələləri üzrə məsləhətçisi Çonqi Çoinin rəhbərlik etdiyi nümayəndə heyətinə bu ölkənin "Eximbank" bankı, Strateji və Maliyyə, eləcə də Xarici İşlər və Ticarət nazirliklərinin təmsilçiləri daxil olublar.

Azərbaycanla rabitə sahəsində əməkdaşlıq istiqamətində araşdırma aparılmasını müsbət dəyərləndirən nazir müavini qonaqlara ölkədə gedən islahatlar, RİTN-in fəaliyyət sahələri barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda hazırda "Elektron hökumət" quruculuğu istiqamətində işlər davam etdirilir.

"Respublikada əsas istiqamət kimi "Elektron hökumət" formalaşdırırıq. Bizim nazirlik də bu prosesdə əlaqələndirici qurum kimi iştirak edir. Bundan başqa, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi ilə bağlı işlər də aparılır. Telekommunikasiya peykinin orbitə buraxılması nazirlik tərəfindən həyata keçiriləcək", - Vəlizadə deyib.

Qarşıda yeni fəaliyyət istiqamətlərinin də olduğunu açıqlayan Vəlizadə böyük planlar sırasına Regional İnnovasiyalar Zonasının yaradılmasının daxil olduğunu deyib. "Bu zonalar yerli şirkətlərin istehsal etdikləri məhsulların ixracatı üçün bir zəmindir. Hazırda İKT sahəsində əldə olunan gəlirlərin təxminən 80 faizi məhz ölkədəki özəl sektorun hesabına formalaşıb. Bundan başqa, Azərbaycan "Trans Avrasiya Super İnformasiya Magistralı" layihəsinin reallaşdırılması istiqamətində də uğurla fəaliyyət göstərir. Ölkədə nanomaterialların, energetik texnologiyaların tətbiqi sahəsində də işlər aparılıb. Bu istiqamətdə Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən prototiplər hazırlanıb", - o bildirib.

Koreya ilə İKT sahəsində əməkdaşlığı yüksək dəyərləndirən nazir müavini bu ölkə ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlığın gücləndiyini bildirib. "Koreya təcrübəsi bizim üçün yaxşı nümunədir və biz bu təcrübədən istifadə edə bilərik", - Vəlizadə deyib.

KOICA-nın əməkdaşlıq məsələləri üzrə məsləhətçisi Çonqi Çoi də Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirib. "Sizin istənilən planlarınızı reallaşdıra bilərik. Bu sahədə Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməyə maraqlıyıq", - o qeyd edib.

Görüş daha sonra tərəflərin müzakirəsi ilə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti