...

Azərbaycanda internetin inkişafı üçün dövlətin və özəl sektorun ittifaqı lazımdır

Telekommunikasiya Materials 7 Dekabr 2013 12:26 (UTC +04:00)
Azərbaycanda genişzolaqlı internetin inkişafı üzrə fəaliyyət planının reallaşdırılması zamanı iqtisadiyyatda dövlətin və özəl sektorun tərəfdaşlığına xüsusi diqqət yetirmək lazımdır.
Azərbaycanda internetin inkişafı üçün dövlətin və özəl sektorun ittifaqı lazımdır

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda genişzolaqlı internetin inkişafı üzrə fəaliyyət planının reallaşdırılması zamanı iqtisadiyyatda dövlətin və özəl sektorun tərəfdaşlığına xüsusi diqqət yetirmək lazımdır. Bu barədə şənbə günü Trend-ə Azərbaycan İnternet Cəmiyyətinin ("ISOC Azerbaijan") sədri Qalib Qurbanov bildirib.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin iqtisadiyyatında Public-Private Partnership (PPP) termini ilə ifadə olunan qarılıqlı fəaliyyətin xüsusi forması yaranıb: "Söhbət dövlətin və özəl sektorun tərəfdaşlığından gedir. PPP özündə iqtisadiyyatın mühüm sahələrinin inkişafından tutmuş, ictimai xidmətin təqdim olunmasınadək ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsi məqsədilə dövlətin və özəl sektorun mütəşəkkil ittifaqını ehtiva edir".

Q.Qurbanovun sözlərinə görə, internet provayderləri Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinə sərmayə qoymağa hazırdırlar: "İnternet xidmətlərinin təchizatçılarının da dövlət tərəfindən dəstək hiss etmələri vacibdir. Özəl sektorun dəstəklənməsinin müxtəlif formaları mövcuddur. Bunlar bu və ya digər layihəyə birbaşa sərmayələr, həm də kreditləşmə şəklində ola bilər".

Bundan əvvəl "ISOC Azerbaijan" genişzolaqlı internetin inkişafının layihəsi üzrə təklifini Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müzakirəsinə təqdim edib. Nazirliyə təqdim edilmiş sənəddə əsas məqam dövlətin və özəl sektorların əməkdaşlığını nizama salan qaydanın hazırlaması təklifindən başqa, transmissiya xidmətlərinə tariflərin və internet provayderlərinin əhəmiyyətli xərclərinə səbəb olan beynəlxalq rabitə kanallarının icarə tariflərinin azaldılmasıdır. Bu, internet xidmətləri tariflərinin azalmasında mütləq əks ediləcək.

"ISOC Azerbaijan" sədrinin sözlərinə görə, optik rabitə xətləri ilə internet şəbəkəsinə çıxışın dəyəri internet-xidmətlərin təchizatçıları üçün icarə haqqının neçə faiz azaldılacağına proporsional surətdə azala bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti