Bakı. Trend:
Azercell Telekom MMC- nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə startaplara dəstək məqsədilə daha bir layihəni həyata keçirir.
Şirkətdən Trend-ə verilən məlumata görə, gənc startapların dünyagörüşünü artırmaq və onları öz layihələrini uğurla həyata keçirməyə yardımçı olmaq üçün Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi "Mentorlarla səhər yeməyi" layihəsinə başlayıb.
Sentyabrın 22-dən başlayaraq hər ayın 3-cü cümə günü uğurlu biznes adamları və sahibkarlarla startapların işdən kənar 1.5 saatlıq görüşü təşkil olunacaq. Görüşdə startapların hal-hazırda üzərində işlədikləri layihələr müzakirə olunacaq, eləcə də gələcəkdə reallaşdırırlması mümkün olan işlər üçün dəyərli məsləhətlər veriləcək. Görüşdə biznesin idarə olunması, investor və tərəfdaşların aşkar edilməsi, satışların artırılması, əlaqələrin genişləndirilməsi və s. üzrə mövzu üzrə müzakirələr də aparılacaq.
Sentyabrın 22-də baş tutan ilk görüşdə “Golden Pay” şirkətinin təsisçisi və İdarə Heyətinin Sədri, sahibkar Fərid İsmayılzadə startaplarla öz iş təcrübəsini bölüşüb. Qeyd edək ki, Fərid İsmayılzadə İngilis dili Gimnaziyanı bitirdikdən sonra, Türkiyənin Bilkent Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsilini davam etdirib. 19 yaşında, nümunəvi tələbə kimi Bilkent Universiteti bitirdikdən sonra, San Jose Dövlət Universitetində təhsil alıb. 2007-ci ildə Azərbaycanın ilk onlayn ödəmə şirkətini yaradıb. Bu gün GoldenPay ölkənin ən böyük online ödəmə xidməti təchizatçısıdır. 2011-ci ildə “hesab.az” portalını təsis edib.
Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 8 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlayıb, onlardan 20-i uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb. 2014-cü ildən başlayaraq Barama öz fəaliyyətini daha üstün səviyyəyə daşıyaraq professional biznes inkubatoru kimi formalaşdırıb və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi adı altında ictimaiyyətə təqdim olunub.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.