Bakı. Trend:
Yaponiyada hökm sürən isti hava dalğası bu həftə də davam edəcək və yaxın günlərdə pik həddə çatacağı gözlənilir.
Trend-in “Japan Times”a istinadən verdiyi məlumata görə, Yaponiya Meteorologiya Agentliyi ölkə ərazisində temperaturun 38–40°C-yə qədər yüksələcəyini açıqlayıb.
Agentlik vətəndaşlara və dövlət qurumlarına planlaşdırılmış tədbirlərin təxirə salınması və ya ləğv edilməsi barədə tövsiyə verib. Xüsusilə açıq havada keçirilən fəaliyyətlərin azaldılması, susuzlaşma və günvurma risklərinin qarşısının alınması üçün ehtiyatlılıq çağırışı edilib.
Yaponiyanın Daxili İşlər Nazirliyinin son məlumatına əsasən, təkcə iyun ayında 17 229 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu göstərici son 15 ilin ən yüksək rəqəmi hesab olunur. Günvurma nəticəsində 26 nəfər həyatını itirib, 324 nəfər isə ağır vəziyyətə düşüb.
Rəsmilər əhaliyə kölgədə qalmaq, çoxlu su içmək, kondisioner istifadəsi və günorta saatlarında çöldə olmamaq tövsiyələrini bir daha xatırladır.