Bakı. Trend:
Böyük Britaniyanın Oksfordşir qraflığının Bister şəhərində yerləşən, 1 100 yerlik Bullinqdon həbsxanasına dron dəstələri ilə hücum həyata keçirilib.
Trend “The Sun” nəşrinə istinadən xəbər verir ki, hücum nəticəsində məhbuslara narkotik vasitələr və silah ötürülüb.
Məlumata görə, basqın gecə saatlarında baş verib. Dronları zərərsizləşdirməyə çalışan mühafizəçilərin də hücuma məruz qaldığı bildirilir.
Qeyd olunub ki, mühafizə torlarının olmaması, eləcə də pəncərələrin zəif konstruksiyaya malik olması və ya zədələnməsi təhlükəsizlik problemlərini daha da dərinləşdirib.
Hadisə ilə bağlı araşdırmalara başlanıldığı, həmçinin müəssisənin təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə vəsaitin ayrılacağı bildirilib.
