...

Ekspert: "Azərbaycan cinayət qanunvericiliyində cəzaların sərtləşdirilməsi tikinti sahəsində yaranmış vəziyyəti nizama salmaqda effektli təsir göstərməyəcək"

Araşdırma Materials 20 Sentyabr 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan cinayət qanunvericiliyində cəzaların sərtləşdirilməsi tikinti sahəsində yaranmış vəziyyəti nizama salmaqda effektli təsir göstərməyəcək. "Cəzaların sərtləşdirilməsi tikinti sahəsində mövcud problemlərin həll olunmasında sonuncu vasitələrdən biridir" - deyə hüquqşünas ekspert Rəşid Hacılı cümə axşamı Trend ə bildirib.

Bir neçə gün öncə prezident İlham Əliyev Milli Məclisə "Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə mülki və cinayət qanunverciliyinə əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihəsi təqdim edib.

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, tikinti işlərində təhlükəsizlik qaydalarının pozulmasına və özbaşına tikinti işlərinin aparılmasına görə məsuliyyət nəzərdə tutan mövcud maddələrin məzmununda dəyişikliklər edilir, maddələrin sanksiyaları gücləndirilir. Dəyişikliklərə görə, bu əməllər insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda, nəticəsindən asılı olmayaraq, məsuliyyətə səbəb olur.

Ekspert hesab edir ki, bu sahədə yaranmış xaosu aradan qaldırmaq üçün ilk növbədə Tikinti Məcəlləsi, yaxud "Tikinti haqqında" qanun qəbul olunmalıdır: "Tikintiyə icazə almaq, tikinti aparmaq üçün prosedurlar müəyyənləşdirilməli, tikintiyə icazə verən dövlət orqanlarının dairəsi dəqiqləşdirilməlidir. Nə qədər ki, bu sahədə korrupsiya, manopoliya var, cəzaları sərtləşdirməklə müsbət nəticə əldə etmək mümkün olmayacaq".

Hüquqşünas İsaxan Aşurov da hesab edir ki, cəzaların sərtləşdirilməsi ümumi xəbərdarlıq məqsədi daşıyır. Ekspertin fikrincə, tikinti sahəsindəki mövcud problemlərin həllində hamı maraqlı olmalıdır: "Bu məsələ həyati zərurətə çevrilməlidir. Həyati zərurətə çevrilməzsə, hansısa sərt tədbirlərlə problemin qarşısını almaq mümkün olmayacaq".

Daşınmaz Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov isə hesab edir ki, bu addım tikinti sahəsində mövcud münasibətlərin nizama salınması yönümündə atılmış ən ciddi addımdır. Onun qənaətincə, aidiyyatı strukturlar bundan nəticə çıxaracaq və öz fəaliyyət sahələrində müəyyən nizam-intizam yaradacaq. "Yaranmış xaos aradan qalxacaq" - deyə ekspert bildirib.

Azərbaycanda son bir ayda yeni inşa olunan binalarda iki qəza baş verib.

"Neapol" İstirahət Mərkəzinə məxsus tikintidə baş vermiş qəza zamanı iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Bakıda, Murtuza Muxtarov 185 ünvanında yeni inşa olunan 16 mərtəbəli binanın uçması nəticəsində isə 25 nəfər həlak olub, 4 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti