...

"Dövlət torpaqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentdə qalmaqal yaranıb

Araşdırma Materials 16 May 2007 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/ Milli Məclisin aqrar siyasət daimi komissiyasının çərşənbə günü keçirilən iclasında "Dövlət torpaqları haqqında" qanun layihəsi müzakirə olunub.

1996-cı ildə "Azərbaycanda torpaq islahatı haqqında" qanun, bundan sonra Topraq Məcəlləsi və "Bələdiyyə torpaqları haqqında" qanun qəbul edilib. Qanunlarda dövlət torpaqları haqqında müəyyən müddəalar əks olunub.

Parlamentin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov məhz dövlət torpaqlarına aid olan ayrıca "Dövlət torpaqları haqqında" qanunun qəbulunun effektliyini bəyan edib.

"Bu qanun dövlət mülkiyyətində olan torpaqların idarə edilməsinin, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edər və bu torpaqlar üzərində hüquqi münasibətləri tənzimləyərdi", - deyə İbrahimov əlavə edib.

Yeni qanun layihəsi 6 fəsil və 27 maddədən ibarətdir. Qanun layihəsində qeyd olunub ki, bələdiyyə və xüsusi mülkiyyətə verilməmiş bütün torpaqlar dövlət torpaqlarıdır.

Komissiya sədri qeyd edib ki, dövlət torpaqları ayrı-ayrı şəxslər tərəfindən zəbt olunur. Bunun qarşısını almaq üçün qanun layihəsinə müəyyən sərt maddələr daxil edilməlidir.

Komissiyanın iclasında iştirak edən kənd təsərüfatı nazirinin müavini Bəhram Əliyev, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin və Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin nümayəndələri "Dövlət torpaqları haqqında" qanunun qəbul olunmasını dəstəklədiklərini bildiriblər.

Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mahir Məmmədov belə bir qanunun qəbul olunmasına etirazını bildirib.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə bir qanunun qəbul olunmasına ehtiyac görmür və buna etiraz edir. Biz qanunla bağlı öz irad və təkliflərimizi yazılı şəkildə təqdim etmişik, lakin bu, nəzərə alınmayıb. Giriş hissədə qeyd olunub ki, bu qanun dövlət mülkiyyətində olan torpaqların idarə edilməsinin, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir və bu torpaqlar üzərində hüquqi münasibətləri tənzimləyir. Amma bunun nədən ibarət olduğu açıqlanmır", deyə Məmmədov bildirib.

Onun sözlərinə görə, "Dövlət torpaqları haqqında" qanun layihəsi indiyə qədər qəbul edilən qanunların təkrarıdır və bir çox hallarda əvvəlki qanunlarla ziddiyyət təşkil edir. Ona görə də adıçəkilən qanunun tətbiqi zamanı ziddiyyətlər və problemlər yaranacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi nümayəndəsinin bu mövqeyi komissiya sədri Eldar İbrahimovun sərt reaksiyasına səbəb olub: "Bütün nazirliklər və dövlət orqanları bu qanunun qəbul olunmasını dəstəkləyirlər. Əgər Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunun qəbulunu dəstəkləmirsə, bu, heç nəyi həll etmir və sizin probleminizdir".

Komissiya sədri nazirlik nümayəndəsinin öz təkliflərini səsələndirməsinə imkan verməyib. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi iclası yaramçıq tərk edib.

Bundan sonra Aqrar siyasət daimi komissiyasının sədr müavini, deputat Eldar Quliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyini Azərbaycan meşələrini məhv etməkdə, meşə tropaqlarını qanunsuz olaraq satmaqda ittiam edib.

Komissiyanın digər üzvü, deputat Miri Qəmbərov da adıçəkilən nazirliyi ittiham edib: "Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov televiziyaya müsabihə verən zaman ondan soruşdular ki, siz yeni ağaclar əkirsiz, bəs böyük ağaclar niyə yox olur? O bu suala cavab vermədi. Azərbaycan meşələrini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerlərdəki nümayəndələri məhv edirlər, meşə torpaqlarını satırlar".

Xəbər lenti

Xəbər lenti