...

Deputat: "Kurortlar və sanatoriyalar haqqında" qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq"

Araşdırma Materials 1 Avqust 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Sosial siyasət daimi komissiyasında hazırlanan "Kurortlar və sanatoriyalar haqqında" qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq. Bu barədə Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədr müavini, millət vəkili Musa Quliyev məlumat verib.

O qeyd edib ki, Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafına, xüsusilə prezidentin tapşırıq və fərmanları ilə Azərbaycan təbiətinin potensialından istifadə, ölkəyə turist axınının yaxşılaşdırılması, Xəzərboyu ərazilərdə kurort, sanatoriya və digər istirahət yerlərinin yaradılması prosesinə ciddi diqqət yetirilir: "Lakin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən bir-iki sanatoriyanı çıxmaq şərtilə əvvəllər mövcud olan kurort-sanatoriya birliyinin bazası demək olar ki, tamamilə sıradan çıxıb. Ona görə də, bu sistemin yenidən qurulması, bazar iqtisadiyyatından doğan münasibətin formalaşması məqsədilə və eyni zamanda Azərbaycanda əhalinin Həmkarlar İttifaqının "putyovka"ları hesabına müalicə olunmasının təmin edilməsi məqsədlə ciddi hüquqi baza yaradılmalıdır".

Deputat əlavə edib ki, bu sistemin gələcəkdə inkişaf etdirilməsi üçün belə bir qanunun qəbul olunmasına ehtiyac var. Quliyevin fikrincə, Azərbaycanın təbii şəraiti ölkədə kurort və sanatoriyaların qurulması üçün geniş perspektivlər açır: "Qanunun qəbulu bu sistemə investisiya qoyuluşuna da aydınlıq gətirəcək. Həm xarici, həm də yerli iş adamları bu sahəyə zəmanətlə investisiya qoya bilər".

Onun sözlərinə görə, Sosial siyasət daimi komissiyası bundan başqa bir neçə layihə üzərində də işləyir.

Xəbər lenti

Xəbər lenti