ABŞ Ermənistan və Türkiyə arasında əlaqələrin normallaşmasının lehinə çıxış edir. İTAR-TASS -ın yaydığı məlumata əsasən? bu barədə bugün Kapitoliyada ABŞ Dövlət katibi müavininin vəzifələrini icra edən Deniel Frid bəyan edib. "Hazırki vəziyyət heç kim üçün əlverişli deyil, - deyə Frid Konqresin nümayəndələr palatasının xarici işlər üzrə Komitəsində çıxışı zamanı qeyd edib. - ABŞ hesab edir ki, Ermənistan və Türkiyə arasında sərhədlər açıq olmalıdır".
Fridin sözlərinə görə, "iki ölkə arasında birbaşa ticarət əlaqələrinin yaranması, elektrik şəbəkələrinin birləşdirilməsi, qonşulara məxsus olan digər addımlar atılarsa, iki ölkə bundan əhəmiyyətli dərəcədə qazanacaq". "ABŞ həmçinin transsərhəd dialoqun, Ermənistan və Türkiyə arasında tədqiqat təşəbbüslərinin reallaşdırılması, konfrans və mübadilə proqramlarının həyata keçirilməsi üzrə əməkdaşlığı dəstəkləyir", - deyə Dövlət Departamentinin nümayəndəsi fikrini davam etdirib.
Frid bildirib ki, lakin Ermənistan və Türkiyə arasında fikir ayrılığının tənzimlənməsi prosesi "ağrılı məsələlərin həlləni tələb edəcək". "Türkiyənin öz tarixində olan qaranlıq səhifələrlə barışması labüddür: Osmanlı imperiyasının sonlarında 1,5 mln. erməninin kütləvi qətli və məcburi sürgünü / 1915-ci il - İTAR-TASS-ın qeydi/, - deyə o qeyd edib. - ABŞ üçün öz tarixində olan qaranlıq səhifələrlə razılaşması nə qədər çətin idisə, Türkiyə üçün də bir o qədər asan olmayacaq. Ermənistan da öz növbəsində mövcud olan sərhədləri tanımağa, müasir Türkiyəyə ərazi iddialarından imtina etməyə, həmçinin Türkiyə tərəfindən gələcək barışıq səylərinə konstruktiv reaksiya verməyə hazır olmalıdır".
Ümumi uzunluğu 330 km olan ortaq sərhədə malik Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər yoxdur. Ankara Yerevanın 1915-ci il erməni "soyqırımı"nın beynəlxalq səviyyədə tanınması istiqamətində cəhdləri dayandırmasını və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik ərazilərini tərk etməsini təkid edir.