İranın eks-prezidenti və İranın Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncaninin ofisindən İran televiziyasına müraicət ünvanlanıb. Müraciətdə İran Dövlət Televiziyasından Rəfsəncaninin İran prezidenti Mahmud Əhmədinejadla teledebat aparması üçün vaxt ayrılması tələb olunub. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
Müraciətdə bildirilir ki, İran prezidenti Əhmədinejad iyunun 3-də digər namizəd Mir Hüseyn Musəvi ilə canlı debatda İranın Məsləhət Şurası sədrinin ünvanına sərt ittihamlar irəli sürüb. Bu baxımdan Dövlət Televiziyasından seçki kampaniyasının vaxtı bitməmiş tez bir zamanda həmin ittihamları cavablandırmaq məqsədi ilə vaxt ayrılması istənilib.
İyunun 3-də İran Dövlət Televiziyasının 3-cü kanalı və PressTV kanalında yayımlanan prezidentliyə namizədlər Mir Hüseyn Musəvi və Mahmud Əhmədinejadın debatı zamanı Əhmədinejad İranın eks-prezidenti Rəfsəncaniyə və ailəsinə qarşı sərt ittihamlar irəli sürüb. Əhmədinejad Rəfsəncanini ona qarşı təxribata rəhbərlik etməkdə və korrupsiyada ittiham edib.