RED. əlavəsi: dördüncü abzasdan sonra zəlzələnin vurduğu ziyanla bağlı məlumat əlavə olunub
Ötən gecə yerli vaxtla saat 21:56 radələrində İranın Şimali Xorasan əyalətinin Raz qəsəbəsi yaxınlığında Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat verir.
Hələlik zəlzələ nəticəsində, ölən, yaralananlar və zəlzələnin vurduğu ziyan barədə məlumat yoxdur.
Avqustun əvvəllərində İranın şimal-şərqində, Türbəti-Heydəriyyə şəhəri yaxınlığında yerləşən Xorasan Rəzavi vilayətində 5,7 bal gücündə zəlzələ baş vermişdi, 170-dən çox insan xəsarət alıb.
Ümumiyyətlə, İranda tez-tez güclü zəlzələlər baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində olub. Həmin zəlzələdə 31 min insan ölüb və palçıqdan tikilən qədim qala dağılıb.
İranın İRNA dövlət agentliyinin məlumatına əsasən, zəlzələ Şimali Xorasan əyalətində Bocnurd, Mane və Səmulqan şəhərlərinin 10-dan çox kəndində evlərə ziyan vurub. "Zəlzələ Raz və Cərgilan qəsəbələrində 50-dən çox evə və Eşqabad, Kəlate, Çinar, Aqmiraz, Pişqələ və Gəzabad kəndlərində isə 100-150 evə ziyan vurub, bəzi evlərin tamamilə dağılmasına səbəb olub", - deyə Raz qəsəbəsinin bələdiyyə başçısı Mahmud Rivadə deyib.
Rivadə əlavə edib ki, hazırda regionda Qirmızı Aypara Cəmiyyətinin qüvvələri əhaliyə yardım göstərir. O, hələlik zəlzələ nəticəsində, ölən, yaralananlar barədə məlumatın olmadığını bəyan edib.