Fələstin Administrasiyası (FA) və İsrail arasında birbaşa danışıqlar uğursuzluğa məhkumdur. İranlı deputat Qulaməli Həddad-Adil bu qənaətdədir. Məlumatı "Press-TV" yayıb.
"ABŞ və sionist rejimin Fələstin xalqına qarşı yönəlmiş əvvəlki planları kimi, bu plan da heç bir səmərə verməyəcək", - Həddad-Adil deyib.
O əlavə edib ki, beynəlxalq Qüds (Yerusəlim) gününə həsr olunmuş mitinqlər İran xalqı və bütün dünya müsəlmanları üçün ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilən sülh danışıqlarını pisləmək üçün uğurlu imkan olacaq.
Həddad-Adil, həmçinin, İran xalqını Fələstin xalqını dəstəkləməyə çağırıb.
İranlı deputatın sözlərinə görə, Fələstin-İsrail münaqişəsini bu cür danışıqlar yolu ilə həll etmək mümkün deyil.
İsrailin Baş naziri Benyamin Netanyahu və FA-nın fəaliyyətdə olan rəhbəri Mahmud Abbas cümə axşamı Vaşinqtonda sülh danışıqlarını bərpa ediblər.