İranın Hörmuzgan əyalətinin Farğan şəhərində Rixter cədvəli üzrə 3,8 bal gücündə zəlzələ baş verib. Məlumatı MEHR xəbər agentliyi yayıb.
Məlumata əsasən, Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 10:27-də baş verdiyini bildirib. Zəlzələ nəticəsində xəsarət alan olmayıb.
Ümumiyyətlə, İranda tez-tez zəlzələ baş verir. Yanvarın 5-də İranın Fars əyalətinin Ərdəkan (Sepidan) şəhərində Rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində Fars əyalətinin 17 kəndində evlər dağılmışdı. Məlumata əsasən, evlərin bəziləri tamamilə uçub. Hadisə nəticəsində 18 nəfər yaralanıb. Dağıntılar altında yaralıların və ya ölənlərin axtarışı davam etdirilir. Bundan başqa, dekabrın 20-də İranın Kirman əyalətinin Fəhroc şəhərində Rixter cədvəli üzrə 6,5 bal gücündə zəlzələ baş vermişdi. Hadisə nəticəsində 7 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Zəlzələ nəticəsində Kirman əyalətinin 2950-dən çox kəndində evlərə ziyan dəyib.