...

Nazirlər "gedirlərsə", bu, kiməsə lazımdır

Dünya xəbərləri Materials 5 Noyabr 2014 14:48 (UTC +04:00)

Rus xəbərlər xidməti

Elmira Tariverdiyeva - Trend:

Son zamanlar Gürcüstanda baş verən siyasi proseslər müşahidəçiləri narahat etməyə bilməz. Hazırda siyasi dairə kilidlənib - mövcud hökumət hakim "Gürcü arzusu" koalisiyasının ən populyar naziri İrakli Alasaniyanı istefaya göndərib.

Baş nazirin müavini, energetika naziri Kaxa Kaladze istisna etmir ki, Bizim Gürcüstan - Azad Demokratlar Partiyasına başçılıq edən indiki hökumətin Alasaniyanın tərəfdarı olan nazirləri də istefa verəcəklər. Alasaniyanın dostu və mübarizə yoldaşı, Avropa inteqrasiyası üzrə dövlət naziri Aleksi Petriaşvili bəyan edib ki, elə bu gün istefa verəcək.

Alasaniyanın hökumətdəki tərəfdarlarından daha bir nazir - xarici işlər naziri Mayya Pancikidze artıq istefa verib. Ədliyyə naziri Teya Tsulukiani hələ heç bir bəyanat verməyib, lakin bu, onun yaxın gələcəkdə istefasını istisna etmir.

Bununla belə, hazırda əsas məsələlərdən biri Alasaniyanın partiyasının hakim "Gürcü arzusu" koalisiyasını tərk etməsi məsələsidir ki, bunun baş vermə ehtimalı yüksəkdir. Belə qərar qəbul ediləcəyi təqdirdə hakim "Gürcü arzusu" 10 deputat mandatını itirəcək ki, bu da koalisiyaya parlamentin siyahı tərkibi üzrə çoxluğunu qorumağa imkan verməyəcək.

Bu isə o deməkdir ki, hakim partiyanın bəzi qanunları qəbul etmək üçün parlamentdə bir az manevr etmək imkanı qalacaq. Lakin hətta bu da hökumətə nazirinin istefası haqqında qərar qəbul etməyə mane olmadı.

Alasaniyanın istefasından əvvəl Gürcüstan Müdafiə Nazirliyinin rəhbərliyi ilə bağlı böyük siyasi qalmaqal baş vermişdi. Oktyabrın 28-də Müdafiə Nazirliyinin beş yüksəkvəzifəli məmuru büdcə vəsaitlərinin israfı haqqında işlə bağlı saxlanılmışdı. Oktyabrın 30-da məhkəmə onların həbsi barədə qərar çıxardı. İrakli Alasaniya bəyan etdi ki, saxlanılanların tam günahsız olduğuna əmindir.

Alasaniya istefasını qərbyönlü oriyentasiyası ilə əlaqələndirərək iddia edir ki, Gürcüstanın indiki hakimiyyəti rusyönlü siyasət yürüdür və Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyasının əleyhinə çıxış edir. O, Gürcüstanın qərbyönlü qüvvələrini hökumətdə rusyönlü qüvvələrə qarşı durmaq üçün birləşməyə çağırıb. Alasaniya bəyan edib ki, Gürcüstanın Avropa və NATO-ya inteqrasiyasını təmin edən dövlət institutlarının dağıdılması üzrə Rusiyanın konkret planı var.

Yeri gəlmişkən, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili də Alasaniyanın istefasının ölkənin Avropa meyillərinə hədə ilə bağlılığı olduğunu bəyan edib və bildirib ki, mövcud vəziyyət Avroatlantik inteqrasiyaya və ölkə suverenliyinin təminatçısı olan Gürcüstan ordusu üçün təhlükə yaradır.

Gürcüstanda hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, bir şey aydındır ki, Alasaniyanın müdafiə naziri vəzifəsindən getməsi ölkənin siyasi vektorunu tam dəyişəcək. Hakimiyyət kuluarlarında növbəti qarşıdurma, ölkənin NATO və Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirən yüksəkvəzifəli məmurun istefası Qərbin reaksiyasına təsir etməyə bilməz. Şübhəsiz ki, Gürcüstanın qərbyönlü istiqamətini təbliğ edən insan istefaya göndərilirsə, bu, kiməsə lazımdır. Məsələ bundadır ki, məhz kimə və nə üçün?

Məqalədə:
Xəbər lenti

Xəbər lenti