Elmira Tarıverdiyeva
Ermənistandakı vəziyyət dar körpüdə qarşı-qarşıya gəlib, bir-birinə yol vermək istəməyən və nəticədə uçuruma yuvarlanan iki tərs keçi nağılını xatırladır. Ermənistan xalqı və hökuməti dalana dirənib. Heç kim güzəştə getmək istəmir. Bu gün Ermənistanda hökumətlə xalq arasında əsaslı dəyişikliklər baş verməsə, ölkə Serj Sarkisyan adına dalanda çox qalmalı olacaq.
Əvvəllər hökumət istənilən yolla (həmçinin açıq kriminal yolla) müxalifət etirazlarını beşikdəcə boğa bilirdisə, S.Sarkisyan üçün bugünkü vəziyyət qeyri-adidir və sınaqdan çıxarılmış sxemlər daha işləmir.
Gənclər küçələrə çıxıb. Bu gəncləri belə bir addım atmağa vadar edən səbəb dağınıq Ermənistan müxalifətinin zəif arqumentləri deyil, ədalət istəyidir. Bundan başqa, "Talana yox" təşəbbüs qrupunun lideri artıq bir dəfə - ictimai nəqliyyatda tariflərin bahalaşmasının ləğv olunmasına müvəffəq olduğu zaman məmurların "qan qoxusunu alıb". Bu yaxınlardakı qələbəsindən məst olan qrup indi öz tələblərində daha inadkardır.
Ölkə əhalisinin böyük əksəriyyətinin dəstəklədiyi gənclər Ermənistan hökuməti və Rusiya enerji şirkətinin elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı qəbul etdiyi qeyri-şəffaf qərarın ləğvini tələb edir. Məmurlarından, prezidentindən yorulan Ermənistan xalqı hüquqi dövlətdə yaşamaq istəyir.
Baş verənləri nəzərə alsaq, hökumət üçün bu vəziyyətdən yeganə çıxış yolu qərarın ləğv edilməsi və ya ən pis halda, dondurulmasıdır.
Hərçənd, görünən odur ki, Ermənistan hökuməti öz qərarını dəyişmək istəmir. Artıq energetika naziri Ervand Zaxaryan bildirib ki, elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı qərara yenidən baxılmayacaq.
Xalq və hökumət qarşıdurmasından kimin qalib çıxacağını zaman göstərəcək, lakin uzunmüddətli perspektivdə Ermənistan hökuməti gec-tez çətin vəziyyətə düşəcək.
Xalqa güzəştə getməkdə və öz xəttini saxlamaqda inad nümayiş etdirməklə, hökumət hakim rejimin devrilməsi ilə yanaşı inqilabla, ölkədə gələcəkdə anarxiya ilə üzləşə bilər. Belə ki, etirazçıların bəlli lideri yoxdur.
Digər tərəfdən, güzəştə getməklə hökumət yeni nəslin yaranması təhlükəsi ilə qarşılaşacaq. Bu nəsil hər dəfə dinc aksiyalar vasitəsilə hökumət qərarlarını ləğv edə biləcəklərinə əmin olacaq. Bu da mütləq bir gün hökumət və xalq arasında növbəti amansız toqquşmaya gətirib çıxaracaq.
Buna görə Serj Sarkisyan adına dalandan hələlik çıxış yolu yoxdur.