Bakı. Trend:
Böyük miqyaslı korrupsiya işində şübhəli bilinən Malayziyanın sabiq baş naziri Nəcib Razak öz və ailəsinin təhlükəsizliyi üçün polisə müraciət etmək məcburiyyətində qalıb.
Trend-in məlumatına görə, N.Razakın ünvanına çoxlu sayda hədə-qorxular gəlib. O, polisə özünün və ailəsinin qorunması üçün müraciət edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Malayziya polisi ölkənin sabiq baş naziri Nəcib Razaka məxsus mənzillərdən pul, zinət əşyaları, elit saatlarla dolu 280-dən artıq qutu və "Hermes" şirkətinin onlarla özəl çantalarını müsadirə edib. Mallar sabiq baş nazirin Kuala-Lumpurun elit yaşayış komplekslərindən birində yerləşən 3 mənzilində aşkarlanıb. İqtisadi cinayətlərin araşdırılması üzrə idarənin rəisi Amar Sinqx bildirib ki, müsadirə edilən qutuları və çantaları aparmaq üçün 5 yük maşınından istifadə olunub.
Qeyd edək ki, yerli jurnalistlər həmişə bildirirdilər ki, sabiq baş nazirin xanımı tez-tez camaat qarşısına qiymətləri 12-300 min dollar təşkil edən "Hemres" şirkətinin müxtəlif çantaları ilə çıxır. Bundan əlavə, daha əvvəl ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri bildirib ki, sabiq baş nazirin xanımı ABŞ-da 23 milyon dollara çəhrayı brilyant əldə edib.