Bakı. Trend:
Yaponiyanın "Honda" avtokonserni kapotlardakı problemlərə görə dünya üzrə 788 min yolsuzluq avtomobili və pikapını geri çağırmaq qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Yolların Təhlükəsizliyi üzrə Milli İdarəsi xəbər verib.
"Associated Press" qəzeti qeyd edib ki, geri çağırılan avtomobillərin ümumi sayından təxminən 725 mini ABŞ-ın payına düşüb. Lakin bu qərarın şamil olunduğu digər ölkələrin adı çəkilməyib.
Sənəddə qeyd edilib ki, "Passport" və "Pilot" yolsuzluq avtomobilləri və "Ridgeline" pikapları geri çağırılır. Avtomobilin istehsal ili modeldən asılı olaraq 2016-2019-cu illər arasında dəyişir.
Avtomobil istehsalçısının verdiyi məlumata əsasən, nasazlıq kapotun kilidinin fiksatorunun mümkün zədələnməsi ilə bağlıdır. Bildirilib ki, bu qüsur kilidin kapotdan ayrılmasına səbəb ola bilər.