Bakı. Trend:
Böyük Britaniya Ukraynada keçirdiyi hərbi əməliyyatlarla əlaqədar Rusiyaya tətbiq etdiyi sanksiyaların siyahısını genişləndirib.
Trend-in məlumatına görə, yeni sanksiyalar paketi Rusiyanın hökumət və regional hakmiyyət orqanları, iri biznes nümayəndələri, parlament üzvlərininin daxil olduğu 370-dən çox şəxsi əhatə edir.
Qeyd olunur ki, adı sanksiya siyahısında olan şəxslərin Böyük Britaniyaya daxil olması qadağan edilir və Böyük Britaniyada aşkar olunan aktivləri dondurulur.
Yeni sanksiyalar Rusiyanın baş naziri Mixail Mişustin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, müdafiə naziri Sergey Şoyqu, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, baş nazirin müavinləri Marat Xusnullin və Dmitri Çernışenko, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, kənd təsərrüfatı naziri Dmitri Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, nəqliyyat naziri Vitali Savelyev, Moskva meri Sergey Sobyanin, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov, Hərbi-Dəniz Qüvvələrinin komandanı Nikolay Yevmenov, Hərbi-Kosmik Qüvvələrinin komandanı Sergey Surovikin və onun müavini Sergey Dronov, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova və Rusiya prezidentinin Dmitri Peskovla onun ailə üzvlərinə tətbiq olunub.