Bakı. Trend:
Türkiyədə baş verən zəlzələ zamanı fədakarlıq göstərən yerli və əcnəbi 55 min nəfərə medal veriləcək.
Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dövlətdə Fədakarlığa görə” medalının təqdim edilməsi mərasimində bildirib.
"Yaşadıqlarımızı heç kimin yaşamasını istəmirik, amma fəlakətlərin həyatın reallığı olduğunu unutmuruq. Ən çətin günlərimizdə yanımızda olan sizlərə etinasız yanaşa bilmərik. Yaxşılığı qarşılıqsız qoymamaq qədim adətimizdir.
Dünyanın 90 ölkəsindən 11 min 320 komanda bizə dəstək oldu. Dünyanın o ucundakı qardaşlarımızın dualarını, dəstəyini bizimlə hiss etdik", - deyə R.T. Ərdoğan əlavə edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.