...

Bu ölkənin xarici işlər nazirindən 3 həftədir heç bir məlumat yoxdur

Dünya xəbərləri Materials 18 İyul 2023 16:22 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Çinin xarici işlər naziri Çin Qanq iyunun 25-dən etibarən ictimaiyyət qarşısına çıxmır.

Trend xarici mediaya istinadən xəbər verir ki, Çinin diplomatik əlaqələrinin artdığı dövrdə xarici işlər nazirinin ictimaiyyət qarşısına çıxmaması ağıllarda sual yaradıb.

2022-ci ilin dekabrında xarici işlər naziri təyin olunan Çin Qanq Pekində Şri Lanka, Rusiya və Vyetnam rəsmiləri ilə görüşün ardınca keçirilən mətbuat konfransından sonra ictimaiyyət qarşısına çıxmayıb.

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Ning dünən keçirilən mətbuat konfransında nazirin 3 həftədir kameralar qarşısına çıxmaması ilə bağlı suala cavab olaraq "bu məsələyə dair məlumatının olmadığını” və Çinin diplomatik fəaliyyətinin həmişəki gedişatında davam etdiyini bildirib.

Xatırladaq ki, iyulun 11-14-də İndoneziyanın paytaxtı Cakartada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri səviyyəsində keçirilən iclasda Çin Qanqın əvəzinə Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyasının ofisinin direktoru Vanq Yi iştirak edib. Çin Qanqın səhhətində yaranan problemlə əlaqədar olaraq ASEAN-ın iclasında iştirak etmədiyi bildirilib.

Nazir həmçinin 6-9 iyul tarixlərində ABŞ-nin maliyyə naziri Canet Yellen ilə keçirilən görüşlərdə, o cümlədən ÇXR-in sədri Si Cinpinlə Solomon Adalarının baş naziri Manasşe Soqavare arasında iyulun 10-da keçirilən görüşdə də iştirak etməyib.

Qeyd edək ki, daha əvvəl itkin düşdüyü bildirilən bəzi çinli məmurların sonradan həbs edildiyi məlum olub. Bunların arasında Beynəlxalq Polis Təşkilatının (İnterpol) prezidenti Menq Honqvey və 2018-ci ildə günlərlə itkin düşmüş yüksək səviyyəli çinli təhlükəsizlik məmuru da yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti