Bakı. Trend:
İran yanvarda müsadirə edilən və Türkiyəyə gedən "Sent Nicholas" tankerində olan nefti geri qaytarıb.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.
"Yük bu həftənin əvvəlində danışıqlardan sonra geri qaytarıldı", - deyə qeyd olunub. Digər mənbədən bildirilib ki, neft Larak adasının yaxınlığında Türkiyənin "T. Semahat" tankerinə yüklənib.
Qeyd edək ki, Marşal adalarının bayrağı altında hərəkət edən "Sent Nicholas" tankeri yanvarın 11-də təxminən 145 min ton neft daşıyarkən bir qrup silahlı şəxs tərəfindən ələ keçirilib. O, İraqın Bəsrə şəhərindən Süveyş kanalı vasitəsilə Türkiyənin Əliağa limanına gedirdi.