Bakı. Trend:
Almaniyada ömürlük cəza çəkən kəşfiyyatçı Vadim Krasikovun azad edilməsi qərarı Berlin üçün asan olmadı.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts bildirib.
Almaniya kansleri deyib ki, heç kim bu qərarı asanlıqla qəbul etmədi:
"Bu çətin qərar bu məsələdə marağı olan qurumlar və koalisiya ilə birgə ətraflı məsləhətləşmə və fikirlərdən sonra qəbul edildi".
Onun sözlərinə görə, bu addımı federal prokurorun qərarına əsasən həyata keçirmək mümkün oldu.
Kansler izah edib ki, bu məsələdə Berlin öz vətəndaşlarının müdafiə olunması öhdəliyini, eləcə də, Vaşinqtonla həmrəyliyini əsas götürüb. Şolts qeyd edib ki, mübadilədən sonra ABŞ prezidenti Co Baydenlə telefon danışığı olub. ABŞ prezidenti əməkdaşlığa görə alman tərəfinə minnətdarlığını bildirib.
Bu arada, "New York Times" qəzetinin icmalçıları bildiriblər ki, Krasikov olmadan bu mübadilə baş tutmayacaqdı. Amerikalı məmurlar öz şəxsi danışıqlar mövqelərini gücləndirmək üçün hətta başqa xarici ölkələrin həbsxanalarında saxlanılan rusiyalıları ciddi-cəhdlə axtarıblar.
Xatırladaq ki, Krasikov 2021-ci ildə Berlində yaşayan çeçen səhra komandiri Zelimxan Xanqoşvilinin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib. O zaman məhkum özünü Vadim Sokolov adlandırır və bu işlə məşğul olan Vadim Krasikovun adının ona məlum olmadığını bildirirdi.