Bakı. Trend:
2024-cü il dünyada qeydə alınan temperatur maksimumlarının sayına görə rekord il olub. Dünyanın 15 ölkəsində maksimal hava temperaturu qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti iqlimşünas Maksimiliano Erreraya istinadən məlumat yayıb.
“Ekstremal istilik hadisələrinin sayının bu qədər olması indiyədək baş vermiş və ya mümkün hesab edilən hər şeyi üstələyir. 2024-cü ilin fevralından iyul ayına qədər olan dövr bütün statistik göstəricilər üzrə rekord vurub”, - o, nəşrə müsahibəsində bildirib.
Belə ki, ilin əvvəlindən dünyanın 15 ölkəsində temperatur maksimumları qeydə alınıb, eləcə də müxtəlif ölkələrdə 130 aylıq istilik rekordu qırılıb. O da qeyd edilib ki, bu il Meksikada maksimal temperatur Selsi şkalası üzrə 52 dərəcə, Misirdə 50,9 dərəcə, Malidə isə 48,5 dərəcəyə çatıb.
Ekspertin sözlərinə görə, əvvəllər ekstremal istilər insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə və “El Ninyo” təbiət fenomeninin - Sakit okeanda suyun yuxarı qatının kəskin istiləşməsi ilə əlaqələndirilirdi. “Bu il isə “El Ninyo” təsir gücünü itirir, lakin buna baxmayaraq, temperatur rekordlarının sayı yalnız artıb”, - o vurğulayıb.